Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Birinci Avropa Oyunları qabağı test yarışları, müxtəlif ölkələrdə beynəlxalq yarışlar keçirilirdi. Bizim idmançılarımız həmin yarışlarda çox uğurlu çıxış etdilər və biz idmançılarımızın hazırlığını bilirdik, bu uğurlara əmin idik".
Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayl İsmayılov Azərbaycan idmançlarının Avropa Oyunlarındakı uğurlu çıxışlarına münasibət bildirərkən deyib.
O, qeyd edib ki, idmançılarımızın hazırlığı 10 illər ərzində olub: "İdmançılarımızın indiyə qədər Azərbaycanı dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etməsi, Olimpiya və qeyri-olimpiya növlərində uğurlu çıxışları, ölkəmizə medallar qazandırmaları onu göstərirdi ki, onlar ən öndə gedən ölkələrin idmançıları ilə bir sıradadır. Keçən il idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda 805 medal qazanmışdılar".
Nazir müavini bildirib ki, idmançıların bu uğurları dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində mümkün olub. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Oyunlarında yarışlarda tamaşaçı kimi iştirak etməsi, idmançılarımıza dəstək olması onların daha uğurlu nəticələr əldə etməsinə müsbət təsir göstərdi.
İ.İsmayılov vurğulayıb ki, Azərbaycanda idman bundan sonra daha da sürətlə inkişaf edəcək.