...

Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs: Telefonda kişi səsi eşitdim

Hadisə Materials 28 İyun 2019 15:25 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Keçmiş həyat yoldaşını bıçaqlayan şəxs: Telefonda kişi səsi eşitdim

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prosesdə ifadə verən təqsirləndirilən Z.Rzayev bildirib ki, 1996-cı ildə ailə həyatı qurub və 2018-ci ildə boşanıb. Yetkinlik yaşına çatmış iki övladı onunla, keçmiş həyat yoldaşı isə anasıgildə yaşayıb. O qeyd edib ki, keçmiş həyat yoldaşına zəng edən zaman kişi səsi eşitdiyi üçün əsəbiləşib və salona gedərək, onu bıçaqlayıb, amma öldürmək niyyəti olmayıb.

Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirib ki, arvadının telefonunda başqa şəxslərlə mesajlaşma görüb, onun başqa şəxslərlə münasibəti olduğu qənaətinə gələrək boşanıb.

Həyat yoldaşı isə onun yalan danışdığını bildirib.

Zərərçəkən Aynur Rzayeva bildirib ki, 18 yaşında ailə qurub: "Zaurla problemlərimiz onun spirtli içki aludəçiliyinə görə yaranıb. Elə adam var ki, sərxoş olanda özünü normal aparır. O isə həmin zaman nə etdiyini bilmir, məni incidir, fiziki zor tətbiq edirdi. İçməyəndə isə normal olurdu. İçkini tərgidə bilmədiyinə görə, işini tez-tez itirirdi. Mən məktəbdə işləyirdim, ancaq maaş az olduğuna görə, evin yanında icarəyə yer götürərək dərzi və saç ustası kimi fəaliyyət göstərirdim. Həddindən artıq qısqanc olduğuna görə, hər şeyi problemə çevirir, özündən fantaziyalar uyduraraq məni incidirdi. Hətta telefonuma qadın müştərilər zəng edəndə də əsəbiləşirdi".

Qadın deyib ki, onun başqa adamlarla mesajlaşması, münasibətinin olması barədə deyilənlər həqiqət deyil: "Boşanmağımızın səbəbi də onun spirtli içki qəbul etməsi ilə bağlı olub. Elə hadisə günü də içkili idi. Ona görə də mən sual vermək istəyirəm ki, ayıq olsaydı, bu hadisəni törədərdi?"

Təqsirləndirilən isə bildirib ki, o, həmin gün spirtli içki qəbul etməyib.
Qadın sonda bildirib ki, uşaqlarının xatirinə keçmiş ərindən şikayətçi deyil.
Prosesdə hadisə baş verən zaman salonda olan müştəri Fəridə Əliyeva da ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi əlində bıçaq salona girəndə görüb və dərhal bayıra qaçıb qışqıraraq kömək çağırıb.
Proses iyulun 3-ə təyin edilib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub. O istintaqa bildirib ki, boşandığıl arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadınn çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti