...

Azərbaycanın ictimaiyyət nümayəndələri Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2008 16:19 (UTC +04:00)
Azərbaycanın ictimaiyyət nümayəndələri Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın qeyri-hökumət təşkilatlarının təmsilçiləri, hüquq müdafiəçiləri, ekspertlərdən ibarət nümayəndə heyəti bu ilin martında Ermənistana və işğal altında olan Dağlıq Qarabağa səfər edəcəklər. Bu barədə Trend Agentliyinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, 7-10 nəfərdən ibarət olacaq nümayəndə heyətinə Qarabağ üzrə ekspertlər, QHT rəhbərləri, həmçinin jurnalistlər daxil olacaq. Abdullayevanın sözlərinə görə, nümaynədə heyətində əsasən qarabağlılar olacaq. Nümayəndə heyəti əvvəlcə Ermənistana gedəcək, Yerevanda keçiriləcək "Avrointerqrasiya çərçivəsində münaqişələrin həlli perspektivləri" mövzusunda konfransda iştirak edəcəklər. Bu konfransdan sonra azərbaycanlı nümayəndələr Ermənistandan Qarabağa yola düşəcəklər.

"Biz çox istəyirdik ki, Qarabağa məhz Azərbaycan ərazisindən gedək, bunun üçün Xarici İşlər Nazirliyinə müraciət etdik. Amma Azərbaycan XİN-i bizə rəsmi cavabında bildirib ki, bu məsələ onların səlahiyyətinə daxil deyil və tövsiyə edib ki, Sərhəd Qoşunlarına müraciət edək. Səphəd Qoşunlarına etdiyimiz müraciətə cavab olaraq isə bizə bildirdilər ki, işğal altındakı ərazilərimizə Azərbaycandan getmək hələlik məqsədəuyğun deyil" - deyə Abdullayeva bildirib.

Onun sözlərinə görə, QHT nümayəndələrinin Ermənistana və Dağlıq Qarabağa səfərləri "xalq diplomatiyası" məqsədilə həyata keçiriləcək və səfər Azərbaycan haqqında müsbət fikir formalaşdırmaq, azərbaycanlıların sivil, mədəni münasibətini ermənilərə bir daha nümayiş etdirmək məqsədi güdür.

"Biz ümid edirik ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün bəlkə hansısa həll modelini razılaşdıra bilərik. Bunun üçün ermənilərlə fikirlərimizi bölüşməliyik. Biz bilirik ki, birinci mərhələdə böyük irəliləyişə nail ola bilmərik, amma ümid edirik ki, cəhdimiz uğurlu olacaq" - deyə hüquq müdafiəçisi bildirib.

O qeyd edib ki, səfər dövründə əsasən sadə ermənilərlə görüşlər keçirəcəklər, həmçinin rəsmi şəxslərlə də danışıqlar aparmaq istəyirlər.

Abdullayeva əlavə edib ki, Ermənistan və işğal olunmuş Qarabağa səfər etməzdən qabaq Azərbaycanın dövlət orqanları və parlamentinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb müzakirələr, məsləhətləşmələr aparacaqlar.

Xəbər lenti

Xəbər lenti