...

Azərbaycan parlamentinin vitse-spikeri ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2008 17:35 (UTC +04:00)
Azərbaycan parlamentinin vitse-spikeri ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bəyan edib

Azərbaycan, Bakı, 09 iyul/ , müxbir E.Babayev/ Azərbaycan parlamentinin vitse-spikeri hesab edir ki, ATƏT və digər beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər.

"Nə qədər ki, ATƏT-in tədbirlərində iştirak etmirdim, hardasa həmsədrlərin regiona səfərlərinin nəticə verəcəyinə ümid bəsləyirdim. Amma bu prosesin içində olaraq bu məsələyə münasibətin nədən ibarət olduğunu və necə formalaşdığını gördüyümdən, hər hansı səfərin qeyri-adi əhəmiyyətə malik olduğunu düşünmürəm və görünür, hələlik müəyyən beynəlxalq dairələr münaqişənin davam etməsini istəyir", Trend -un məlumatına görə, bunu çərşənbə günü Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Minsk Qrupunun bu ayın əvvəlində regiona etdiyi səfərin nəticələrini şərh edərkən bildirib.

Trend -un arayışı: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Muradova bildirib ki, ötən həftə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ATƏT PA-nın yay sessiyasında ikili standartların şahidi olub. "Ermənistanda son prezident seçkiləri zamanı ciddi qanun pozuntularına yol verildiyi haqda sessiya zamanı ATƏT-in baş katibinə müraciət etdim. Hətta bu barədə sual da verdim ki, Ermənistanda seçkisonrası vəziyyətlə, ölüm halları, kütləvi həbslər və digər məsələlərlə bağlı müzakirələrə yenidən qayıdılacaqmı. Baş katib cavabında Ermənistanda ATƏT-in daimi nümayəndələrinin olduğunu və uzunmüddətli müşahidə missiyası aparılması nəzərdə tutulduğunu söylədi. Onlar prosesi izləyir və bu məsələlər dəqiqləşdirilir", - deyən vitse-spiker onu da vurğulayıb ki, həmsədrlərin son səfərinin nəticələrinə gəlincə, bunun dönüş nöqtəsi olduğunu düşünmür.

Həmsədrlər sonuncu dəfə regiona iyunun sonunda səfər ediblər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti