...

Azay Quliyev: ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağa dair keçirilən dinləmələr quruma üzv ölkələr arasında Azərbaycanın mövqeyini möhkəmləndirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2011 22:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

ATƏT Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair keçirilən dinləmələr quruma üzv ölkələr arasında Azərbaycanın haqlı mövqeyini xeyli möhkəmləndirdi, bunu bazar günü Xorvatiyadan telefonla Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Azay Quliyev deyib.

"ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağa dair keçirilən debat Azərbaycanın informasiya müharibəsində qələbəsi kimi qiymətləndirmək olar. Bu debatın nəticəsi olaraq ATƏT PA-ya üzv dövlətlər Ermənistanın işğalçı olduğunu bir daha gördülər" Quliyev bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Parlament Assambleyasının şənbə günü Xorvatiyanın Dubrovknik şəhərində keçirilən sessiyasında müzakirə olunub

Deputatın sözlərinə görə, ilk dəfə idi ki, ATƏT PA-da Dağlıq Qarabağ haqqında açıq debat keçirildi.

"Obyektiv keçirilən debatda Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti tam açıldı. 3 saatdan artıq davam edən debatda Minsk qrupunun fransalı həmsədri Bernar Fasye çıxışında Azərbaycan torpaqlarının işğal olunduğunu, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, həmin ərazilərə ermənilərin nəzarət etdiyini və əlavə 7 rayonun da işğal olunduğunu deyib. Fasyenin bu çıxışı açıq mesaj idi ki, Ermənistan işğalçı dövlətdir" Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, debatın ən vacib tərəf o oldu ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yolları, mahiyyəti barədə ətraflı məlumat verdilər. Bununla da ATƏT PA-ya üzv olan ölkələr üçün münaqişənin tam mahiyyəti açıqlandı.

Debatın baş tutmasının özünün Azərbaycan nümayəndə heyətinin uğuru saydığını deyən Quliyev bildirib ki, Azərbaycan tərəfi sessiyada bu debatın baş tutuması üçün bir ildir çalışırdı. Xüsusilə Azərbaycan nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradovanın bu işdə əməyini qeyd etmək olar.

"Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa dair açıq debat və dinləmələrin keçirilməsinə tərəddüd edirdilər. Hətta debata bir gün qalmış həmsədrlərdən biri debata gəlmək istəmirdi. Lakin Azərbaycan nümayəndə heyətinin təkidindən sonra münaqişənin mahiyyətini tam açan debat baş tutdu" Quliyev əlavə edib.

Onun bildirdiyinə görə, Bahar Muradovanın münaqişəyə dair çıxışı isə üzv ölkələr tərəfindən müsbət qarşılandı və bu mövzu ətrafında 25 ölkənin nümayəndələri çıxış etdilər. Onlar çıxışlarında Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirdilər. Bunlar sırasında Ukrayna, Portuqaliya, Avstriya, İtaliya, Qazaxıstan, Türkiyə və digər ölkələrin nümayəndələri var idi.

Qeyd edək ki, debatda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllinin vacibliyinə toxunan Muradova deyib ki, ATƏT-in Helsinki Yekun Aktı dövlətlərin ərazi bütövlüyünə qarşı hər hansı qəsdi rədd edir.

"Münaqişənin həllinin uzanması regionda inkişafa mane olur və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun vaxtı çoxdan yetişib. Bu dialoq iki tərəf arasında etimada təkan verər" vitse-spiker əlavə edib.

Muradova bəyan edib ki, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin perspektivi yoxdur. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri münaqişənin bir çox azərbaycanlı kimi, onun və yaxınlarının da taleyinə təsirsiz ötüşmədiyini vurğulayıb. O, Qarabağdan qaçqın düşmüş azərbaycanlı ailəsindən olduğunu xatırladıb.

"Qarabağ münaqişəsi başlayanda mənim 25 yaşım var idi, amma indi 50 yaşım var. Münaqişə hələ də çözülməyib. Mən dözürəm, amma 80 yaşlı anam artıq dözə bilmir və doğma yurd-yuvasına dönmək istəyir" Muradova deyib.

Debatda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradke, Fransadan olan həmsədr Bernar Fasye və Rusiyadan olan həmsədri İqor Popov, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də çıxış ediblər. Onlar öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat veriblər. Qeyd olunub ki, münaqişənin həlli üç prinsipə - güc tətbiq etməmə, dövlətlərin ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratlarını həll etməsi prinsiplərinə əsaslanır.

Kasprşik bildirib ki, bu günlərdə atəşkəs rejiminin pozulması nəticəsində üç nəfər hərbi qulluqçu həlak olub. O, qeyd olunan hadisə ilə əlaqədar ATƏT-in gələn həftə cəbhə xəttində yeni monitorinq keçirməsinin təklif edildiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinə vitse-spiker Bahar Muradova ilə yanaşı Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, həmçinin millət vəkilləri Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildir.

Xəbər lenti

Xəbər lenti