...

Politoloq: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində danışıqların davam etdirilməsi üçün şərt irəli sürür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2011 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində danışıqların davam etdirilməsi üçün şərt irəli sürür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan danışıqların davam etdirilməsi üçün Azərbaycanın Kazan görüşü zamanı irəli sürdüyü 10 təklifi geri götürməsini tələb edir. Azərbaycan isə sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır.

Əhmədoğlu Rusiyanın son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi aktivliyin ciddi nəticə vermədiyini deyib və əlavə edib ki, bunda Azərbaycan tərəfinin günahı yoxdur.

O, ATƏT-in Minsk qrupunun ATƏT PA-da hesabat verməsini ciddi hadisə adlandırıb.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatlarına qədər hamı elə bilirdi ki, Yenilənmiş Madrid təkliflərində dəyişikliklər edilib. Ancaq Minsk qrupunun həmsədrlərinin hesabatı göstərdi ki, danışıqlar Helsinki Yekun Aktının güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipləri əsasında irəli sürülmüş təkliflər ətrafında davam etdirilir", - Əhmədoğlu əlavə edib.

Politoloq qeyd edib ki, münaqişənin həll olunması üçün Ermənistan ilk növbədə işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır.

Onun sözlərinə görə, Ermənistan indiyə qədər iddia edirdi ki, guya, Azərbaycanda ermənifobiya var.

"Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsini təklif edir. Bu dəfə Ermənistan tərəfi belə görüşlərin keçirilməsinə etiraz edir. Belə görüşün baş tutmasını istəmir. Bu isə Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha göstərir", - Əhmədoğlu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti