...

Azərbaycanın hakim partiyasının Gənclər Birliyi "Xocalı soyqırımını tanı!" kampaniyasına start verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2012 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Xocalı soyqırımını tanı!" kampaniyasına start verib.

Gənclər Birliyindən çərşənbə axşamı Trend-ə bildirilib ki, kampaniya çərçivəsində ilk olaraq Xocalı soyqırımını əks etdirən fotoşəkillər və statistik rəqəmlər Fransa Prezidenti Nikola Sarkoziyə, bu ölkənin Senatının və Milli Assambleyasının, həmçinin, hökumət üzvlərinin elektron ünvanlarına göndərilib.

Fransa Senatı tərəfindən uydurma "erməni soyqırımı"nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanunun qəbul edilməsi Azərbaycan cəmiyyətinin kəskin etirazı ilə qarşılanıb. Azərbaycan gəncliyinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP GB) də Senatın bu addımına ciddi etiraz edir. Belə ki, YAP GB-nin üzvləri bununla bağlı hər bir senatora etiraz müraciəti ediblər. Müraciətdə bu sənədin heç bir fakta əsaslanmadığı qeyd olunur, eləcə də, ermənilərdən məzlum xalq obraz yaratmaq cəhdləri pislənilir.

Məlumata görə, kampaniya çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlara, tanınmış siyasətçilərə, dövlət və hökumət nümayəndələrinə, parlamentarilərə Xocalı soyqırımını əks etdirən fotofaktların və statistik göstəricilərin ünvanlanması nəzərdə tutulur.

İlk olaraq isə partiyanın Gənclər Birliyinin adından Fransa Prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının-Senatın və Milli Assambleyanın, həmçinin, hökumətinin hər bir üzvünə fərdi qaydada "Xocalı soyqrımını tanı!" başlığı altında müraciət ünvanlanıb.

Kampaniya ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Fransa Senatı tərəfindən məlum qanunun qəbul olunması Türkiyəni narahat etdiyi kimi ona qardaş olan Azərbaycanı da narahat edir.

"Azərbaycan ictimaiyyətinin fəal hissəsi olaraq YAP gəncləri kimi məsələyə münasibətimizi bildirmək qərarına gəldik. Fransa uydurma "erməni soyqırımı"nı tanımaqdansa, yaxın keçmişdə baş verən Xocalı soyqırımına diqqət yetirməlidir. Ona görə də, ilk olaraq "Xocalı soyqırımını tanı!" kampaniyasını Fransadan başlamalı olduq. Burada Xocalı soyqırımını əks etdirən fotolar və hadisə haqqında statistik məlumat da əksini tapıb. Bildiyiniz kimi, bu il Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun yaradılmasının 20 ili tamam olur. Fransa da Minsk qrupunun həmsədrlərindən biridir. Amma uydurma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməsi ilə Fransa artıq özünün qərəzli mövqeyini ortaya qoymuş oldu. Ona görə də, biz bu kampaniya çərçivəsində ilk olaraq Fransanın prezidentinə, parlamentarilərinə, hökumət nümayəndələrinə Xocalı soyqırımı haqqında məlumat göndərməyi qərara aldıq. Bu kampaniya fevral ayının sonuna qədər davam edəcək. Xocalı soyqırımını əks etdirən faktlar bu müddət ərzində Fransa prezidenti və uydurma "soyqırımı" haqqında qanunun müəllifi olan Valeria Boyerin elektron ünvanına isə hər gün göndəriləcək", - Orucov əlavə edib.

O, bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası həyata keçirilir, bu soyqırımın dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Onun fikrincə, bu işlərin davamlılığı öz effektini verir.

"Biz də belə qərara gəldik ki, bu kampaniyanı yalnız bir gün ərzində yox, indidən başlayaraq fevralın sonuna qədər davam etdirək və bu faktları təkrar-təkrar elektron ünvanlara göndərək. Bu məsələ Fransa ilə məhdudlaşmır, Xocalı soyqırımı haqqında həmin məlumatlar digər dövlətlərə və beynəlxalq təşkilatlara da göndəriləcək. Məsələn, ATƏT-in, Avropa Şurasının rəsmi şəxslərinə, Rusiyanın parlamentarilərinə, ABŞ-ın konqresmenlərinə, rəsmi nümayəndələrinə, "erməni soyqırımı"nı tanıyan digər şəxslərə bu məlumatlar göndəriləcək. Eləcə də, bu faktları təkcə BMT-nin Baş ofisinə deyil, onun təşkilatlarının elektron ünvanlarına da göndərəcəyik. Onlar bilməlidirlər ki, tarixdə mövcud olmayan hadisələri qabardıb millətləri bir-birinə qarşı qoymaqdansa, yaxın keçmişdə baş verən Xocalı soyqırımına münasibət bildirmələri daha yaxşı olardı", - Orucov əlavə edib.

YAP Gənclər Birliyinin sədri bildirib ki, Fransa parlamentinin belə bir qanun qəbul etməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Onun sözlərinə görə, demokratik dəyərlərin beşiyi sayılan Avropada belə bir qərarın qəbul olunması təbii ki, Azərbaycan tərəfindən də birmənalı qarşılanmır.

"YAP Gənclər Birliyi olaraq biz də istədik ki, məhz bu hadisəyə öz münasibətimizi bildirək. Çünki bu, həm hüquqi, həm də tarixi baxımdan səhv bir addımdır. İstər insan hüquqları baxımından, istərsə Avropa insan haqları Konvensiyasına görə, insanların ifadə və düşüncə azadlığını məhdudlaşdırmaq olmaz. Bu qərar isə insanların fikir azadlığının boğulması deməkdir. Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün bu qərarı qəbul etməməli idi. Düşünürəm ki, bu, təkcə Türkiyəyə qarşı yönəlmiş qərar deyil, həmçinin Azərbaycana qarşı yönəlib. Türkiyə ölkəmizin strateji müttəfiqidir və hadisələrə münasibətimizi bu səviyyədə göstərməliyik. Biz gənclər olaraq ilk növbədə Fransanın 1000 nəfərə yaxın nümayəndəsinə bu müracəti göndərmişik. Əsas məqsədimiz ondan ibarətdir ki, tarixdə olmayan məsələni qabartmaqdansa, yaxın keçmişdə baş verən, canlı şahidlərinin olduğu faciələri tanımaları lazımdır. Biz bundan sonra da Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mühüm işlər görəcəyik", - Orucov deyib.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti