...

Mübariz Əhmədoğlu: Ermənilər yenidən yada salırlar ki, Dağlıq Qarabağ Ermənistanın yox, Rusiyanın problemidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2013 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanda və Dağlıq Qarabağ ermənilərində münaqişəyə münasibət sürətlə dəyişir. Dəyişiklik rəsmi Yerevanın mövqeyinin ziddinədir.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Ermənistanda "qoy rədd olsun Qarabağ" fikirləri tez-tez səslənir: "Ermənistanın Gömrük İttifaqına üzvlüyü nəticəsində Qarabağla Ermənistan arasında nəzarət keçid məntəqəsinin qurulması münaqişənin erməni cəmiyyətində müzakirəsini xeyli aktivləşdirdi. Bu müzakirələrin böyük əksəriyyəti neqativ fondadır. Ermənistanda başa düşürlər ki, istər Avropa İttifaqı, istərsə də Gömrük İttifaqı ölkənin sərhədlərinin dəqiqləşməsini tələb edir. Hər iki tərəf təkidlə tələb edir ki, Ermənistan özünü BMT-yə üzvlük ərizəsində göstərdiyi, beynəlxalq aləm tərəfindən qəbul edilmiş sərhəd çərçivəsində əraziyə sığışdırsın. Bu təxminən 29 min km2 ərazidir. Ermənistan bu ərazidən kənara, o cümlədən Dağlıq Qarabağa və yeddi rayona gözucu da baxmamalıdır. Bu fakt Ermənistanın ictimai-siyasi mühitində ciddi dönüş yaradıb. ABŞ-a bağlı mətbu orqanları Ermənistanın Dağlıq Qarabağı tərk etməsi ideyasını dövriyyəyə buraxdı".

M.Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağdakı ermənilərin düşüncə tərzi dəyişib: "Erməni iş adamlarının yeddi rayonu Azərbaycana baha qiymətə satmaqla bağlı ideyası əhalinin psixologiyasına ciddi təsir etdi. Ermənistan iş adamlarının bu ideyası əsl erməni hiyləsi üzərində qurulmuş xam xəyaldır: "Yeddi rayonu Azərbaycana baha qiymətə sataq, bu pulla Ermənistanda və Qarabağda çox güclü iqtisadi dirçəliş yaradaq, iqtisadi dirçəliş Ermənistanın və Qarabağın gücünü, o cümlədən hərbi gücünü o səviyyəyədək artırmalıdır ki, Azərbaycan Dağlıq Qarabağla müharibə etməyi ağlına gətirməsin".

Politoloqun fikrincə, Dağlıq Qarabağda ermənilərin Azərbaycana münasibətinin dəyişməsi faktdır. Lakin Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağda rəy sorğularını, sosioloji tədqiqatları qadağan etdiyi üçün dəqiq fikir bildirmək mümkün deyil. Təxminən 5 il bundan qabaq Böyük Britaniyanın "Beynəlxalq Həyəcan" təşkilatının keçirdiyi rəy sorğusunda Qarabağ əhalisinin 10 faizi Azərbaycanla birlikdə olmağın əleyhinə deyildi. İndi bu rəqəm daha çox ola bilər. Eləcə də DQ ermənilərinin Azərbaycanla təmaslara meyli artıb. Bir neçə belə müraciət barədə məlumat var:

"Rusiya ekspertlərinin Dağlıq Qarabağ haqqında fikirləri erməniləri qıcıqlandırır. Müharibə başlayacağı təqdirdə Rusiyanın həm dövlət, həm də KTMT üzvü kimi tutacağı mövqe barədə rus ekspertlərinin səsləndirdiyi fikirlər çox konkretləşib, aydınlaşıb. Tanınmış, nüfuzlu Rusiya ekspertləri aydın şəkildə bildirirlər ki, Dağlıq Qarabağ Ermənistana aid deyil, ona görə Rusiya həm ayrıca bir dövlət kimi, həm də KTMT üzvü olaraq Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Ermənistana yardım edə bilməyəcək. Rusiya və KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin etməklə bağlı götürdüyü öhdəliklər yalnız Ermənistana MDB-ə daxil olmayan dövlətlər tərəfindən hücum olacağı təqdirdə fəaliyyət göstərəcəkdir. Dağlıq Qarabağ isə Ermənistanın deyil, Azərbaycanın ərazisidir".

M.Əhmədoğlunun sözlərinə görə, bu fikirləri səsləndirən ekspertlərin bəziləri vaxtilə eyni formada Ermənistana dəstək verənlərdir. Hətta Ermənistanın hərbi qüdrətinin Azərbaycandan üstün olduğunu bildirən hərbi ekspertlər də indi mövqelərini dəyişiblər. "Ermənistan rəsmiləri rusiyalı ekspertlərin bu fikirlərinə qarşı konkret mövqe qoya bilmir. Əvəzində, bəzi mətbu orqanları həmin ekspertləri təhqir edir, sanballı ekspertlərə qarşı nüfuzu olmayan erməni ekspertlərinin mövqelərini qoyurlar. Ekspertlərin rəylərində savadsızlıq və ya qərəzlilik əndazəni aşıb. Tutaq ki, Azərbaycan müdafiə nazirinin rəsmisi bildirir ki, Yerevanın Zvartnots aeroportundan qalxan təyyarəni 10-cu metrdən izləyə bilmə imkanına malikdirlər. Erməni eksperti Azərbaycan müdafiə nazirinin rəsmisinin "yalanını" üzə çıxarır: 10 yox, 100 metrdən izləyə bilərlər. Konkret olaraq, bu halda erməni təyyarəsinin 10 və ya 100 metrdə izlənməsinin və ya vurulmasının Azərbaycan üçün qətiyyən mənası yoxdur. Şübhəli mənbələr az tanınmış ekspertlər vasitəsilə sübut etməyə çalışırlar ki, Azərbaycan Ermənsitandan zəifdir; Rusiya Ermənsitanın arxasındadır və KTMT Qarabağda Azərbaycana qarşı vuruşacaq. Guya Qarabağda Ermənistan vətəndaşı olarsa, müharibə başlayacağı təqdirdə KTMT Ermənistan vətəndaşını müdafiə etməkdən məqsədilə Azərbaycana qarşı müharibə elan etməlidir. Suriyada müharibə nəticəsində ölənlərin sayına görə ermənilər (bəziləri Ermənistan vətəndaşı olmaqla) ikinci yerdədir. Bəzi ekspertlərin fikrincə, KTMT Ermənistan vətəndaşlarını müdafiəsi adı ilə çoxdan müharibəyə qoşulmalıydı. Hər halda Rusiyanın DQ münaqişəsinin tənzimlənməsində mövqeyi bəllidir. Ənənəvi olaraq ermənipərəst hesab olunan rusiyalı ekspertlərin indiki dövrdə susması rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsində mövqeyinin hansı istiqamətdə olmasını göstərir".

Politoloq qeyd edib ki, İranda və Dağlıq Qarabağda Gülüstan sülh müqaviləsinin imzalanmasının 200 illiyi qeyd edildi. "Gülüstan sülh müqaviləsi I Rus-İran müharibəsinin yekunu olaraq bağlanmış müqavilədir. İrana məxsus xeyli ərazi bu müqavilə nəticəsində Rusiyanın tabeçiliyinə keçdiyi üçün Gülüstan müqaviləsini İranda "rüsvayçı müqavilə" adlandırırlar. İranda və Dağlıq Qarabağda keçirilən hər iki konfransın ümumi bir leytmotivi var idi: bu torpaqlar İrana məxsus olub, Rusiya müxtəlif yollarla bu torpağları əldə edib. Qarabağ ermənilərinin bu torpaqların ermənilərə qaytarılmasında rolu çox olub. Dağlıq Qarabağda təşkil olunan və ən əsas məqsədi İranı şirnikləşdirmək, İran torpaqlarının Dağıstan Respublikasının Gizlər şəhərinədək olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq olan konfransda dünyanın bir çox ölkəsindən olan ekspertlər iştirak etdilər".

M.Əhmədoğlu bildirib ki, Tehran Universitetindəki elmi-praktiki konfrans iki tezis üzərində qurulmuşdu: "a) Rus-İran müharibələrinin tarixini İranda bilmirlər. Bu boşluq aradan qaldırılmalıdır; b) Azərbaycan Respublikası alimlərinin Rus-İran müharibəsilə bağlı fikirləri çaşdırıcıdır, İran üçün ziyanlıdır. Bunların qarşısı alınmalıdır".

Politoloqun fikrincə, Gülüstan sülh müqaviləsinin 200 illiyinin qeyd olunması və bu yubileyin İran-Ermənistan münasibətlərinin daha da istiləşməsinə xidmət etməsi ideyası Rusiyadakı ermənipərəst ekspertlər M.Kolerov və S.Tarasova məxsusdur. S.Tarasov bu mövzuda ayrıca kitab yazdı. Daha doğrusu, Rus-İran müharibələrilə bağlı silsilə məqalələrini son bir neçə ayda İran və Ermənistanın maraqlarını üstün tutmaqla yenidən işlədi. RF Xarici İşlər Nazirliyi onları lazım olan materiallarla təmin etmişdi:

"Məqsədlərinə çatdılar. İndi İran öz maraqları prizmasından Rus-İran müharibəsinin tarixini öyrənməyə başlayıb. Hətta İran torpaqlarının Terek çayına qədər olduğu ideyasının da gündəliyə gətirilməsi mümkündür. Gülüstan müqaviləsinin 200 illiyi bədnam məşhur Z.Balayana vərdişini yadına saldı; Hakimiyyətdə olarkən Qorbaçovu tərifləyən Z.Balayan Yeltsin hakimiyyətə gəldikdən sonra ona ünvanladığı müraciətdə Qorbaçovu söydü, Yeltsini rus çarı kimi təriflədi, hətta o zaman ABŞ-da yaşayan dissident P.Ayrikyanı B.Yeltsini təbrik etməyə təhrik etdi. İndi Z.Balayan Putinə ünvanladığı müraciətdə Qorbaçovu və Yeltsini söyür, onların adından saxta bəyanatlar verir. Hər halda Z.Balayan ümid edir ki, Rusiyada 4-cü şəxsə də belə məktub ünvanlayıb Qorbaçovu, Yeltsini və Putini söyəcək. Lakin Z.Balayanın dediyində bir həqiqət var: Qarabağ ermənilərin yox, Rusiyanın problemidir. SSRİ boyda rus imperiyasını Qarabağ problemi dağıtdı. Ona görə nəyin bahasına olursa-olsun bu problem həll edilməlidir. Qarabağ ermənilərinin Rusiyanın tərkibində olması rus imperiyası üçün dağıdıcı olub. Rusiya Qarabağ problemini həll etməklə ermənilərin dağıdıcılığını neytrallaşdırmış olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti