...

Azərbaycan ərazilərində kassetli silahların tətbiqinin monitorinqi aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan ərazilərində kassetli silahların tətbiqinin monitorinqi aparılacaq. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov çərşənbə axşamı bildirib ki, monitorinq ilkin olaraq respublikanın Fizuli, Tərtər, Tovuz rayonlarının ərazisində aparılacaq. Keçmiş hərbçilər, hərbi ekspertlər, döyüşləridə iştirak edən şəxslərlə aparılacaq söhbətlər zamanı kassetli silahlardan hansı ərazilərdə istifadə olunduğu, bu silahların partlaması nəticəsində xəsarət alanlar, həlak olanlar barədə məlumatlar toplanılacaq.

Böyük ölçülərdə olan, təyyarə, vertalyot, raket vasitəsilə daşınan bu silahların içərisində çoxsaylı topa oxşar partlamamış hissəciklər olur. Partlayış zamanı bu hissəciklərin 10 faizi partlamamış qalır və yayıldığı ərazilərdə sonradan partlayış yaradır.

Beynəlxalq ekspert Mark Hizney Dağlıq Qarabağ ərazisində 162 bölgədə kassetli silahların hissəciklərinin müəyyən olunduğunu, onların sonradan partlaması nəticəsində 5 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını diqqətə çatdırıb: "Xəsarət alanların hamısı uşaqlardır. Bu hissəciklər top formasında olduğundan uşaqlar onları top bilərək oynayırlar".

Hizney bildirib ki, Dağlıq Qarabağ ərazisində minaların təmizlənməsinə başlanılandan sonra həmin ərazidən kassetli silahların 6500 hissəciyi tapılıb.

Bu silahların qadağan olunması ilə bağlı 75 ölkə Ottava sazişinə qoşulub. Piyadalar Əleyhinə Minaların Qadağan Edilməsinə Dair Beynəlxalq Şirkətin əməkdaşı Katajina Derliska bildirib ki, dünyanın 30 ölkəsi bu silahların təsirinə məruz qalıb. Bu siyahıya əsasən Cənub Şərqi Asiya, Afrika dövlətləri daxildir.

Azərbaycan müharibə şəraitində olduğundan bu sazişə qoşulmayıb. Səfixanov bildirib ki, respublikamız bu sazişə qoşulmadan kassetli silahların qadağan olunması prosesinə qoşula bilər. Artıq bununla bağlı müvafiq sənədin hazırlandığını deyən Səfixanov gələn il bu sənədin hazır olacağını diqqətə çatdırıb: "Bu layihəyə başlamadan əvvəl Azərbaycanda bu silah növünə rast gəlinmədiyi barədə məlumat verilmişdi. Lakin ANAMA-nın məlumatına görə, Ağstafa rayonunun Saloğlu qəsəbəsində bu silaha rast gəlinib və zərərsizləşdirilib".

Bu silahların qurbanlarının Azərbaycanda sayı hələlik müəyyənləşdirilməyib. Monitorinq nəticəsində qurbanların sayı müəyyənləşdiriləcək və bu şəxslərə yardım göstərilməsi, reablitasiyası ilə bağlı xüsusi layihələr həyata keçiriləcək.

Bu ilin oktyabrında isə Belqradda bu silahların qadağan olunması ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Azərbaycan da bu konfransa dəvətlidir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatına görə, cari ilin 7 ayında 21 nəfər mina və partlamamış hərbi sursatların partlaması nəticəsində zərər çəkib. Onlardan 9-u mülki şəxs olub. Mülki şəxslərdən 4-ü həlak olub, 5-i isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti