...

Lalə Şövkət Azərbaycanın parlament respublikası olmasını təklif edir

Siyasət Materials 8 Noyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın sabiq dövlət katibi, müxalifətçi Liberal Partiyanın lideri Lalə Şövkət Azərbaycanda prezidentlik institutunun ləğv olunması və parlament respublikası yaradılmasını təklif edir. O, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanda prezident üsuli-idarəsi özünü doğrultmur" - deyə müxalifət lideri bildirib.

1993-cü ilən bəri Azərbaycanda keçirilən prezident seçkilərində Şövkət də daxil olmaqla, aparıcı müxalifət liderləri iştirak ediblər, lakin hər seçkidə indiki hakim Yeni Azərbaycan Partiyasının namizədi qalib gəlib. Hər seçkidən sonra müxalifət partiyaları bu düşərgədən prezidentin seçilə bilməməsini seçkilərin saxtalaşdırılması ilə izah ediblər.

Şövkət bildirib ki, ümumiyyətlə, prezident üsuli-idarəsinin əleyhinədir və Azərbaycanın parlament respublikası olmasını istəyir. Ona görə də Konstitusiya islahatları aparılaraq, prezidentliyin ləğv olunmasını, parlamentin səlahiyyətlərinin artırılmasını, parlament seçkilərində daha çox səs toplayan şəxsin baş nazir olmasını və hökuməti formalaşdırmasını təklif edir.

Şövkət bildirib ki, bu təkliflər onun proqramlarında əksini tapıb.

Müstəqil hüquqşünas Rəşid Hacılı təkliflə bağlı şərh verərkən bildirib ki, Azərbaycan hələ parlament respublikasına çevrilməyə hazır deyil. Amma o, Azərbaycanda qarışıq idarəetmə sisteminin - prezident və parlament idarəçiliyinin yaradılmasını zəruri sayır. Hacılı bildirib ki, Fransa, Türkiyə kimi ölkələrdə buna bənzər sistem mövcuddur. Onun fikrincə, Azərbaycanda da prezidentin səlahiyyətləri azaldılmalı, hökuməti formalaşdırmaq, onu istefaya göndərmək kimi səlahiyyətlər parlamentə verilməlidir: "Bununla hakimiyyətin qolları arasında balans təmin olunar, xalq tərəfindən seçilmiş insanların hökumət üzərində nəzarəti yaranar və siyasi partiyaların fəaliyyəti, rolu güclənər" - deyə hüquqşünas bildirib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə hesab edir ki, Şövkətin təklifi məqbul deyil və Azərbaycanın prezident tərəfindən idarə olunması daha məqsədəuyğundur. Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı Trend ə açıqlamasında bildirib ki, Azərbaycanda prezidentlik institutunun özünü doğrultduğunu düşünür və indiki şəraitdə Azərbaycanın parlament respublikasına çevrilməsini məqbul hesab etmir: "Prezidentlik üsul-idarəsi ölkənin çevik idarə olunmasını, islahatlar aparılmasını təmin edir. Parlament respublikası da yaxşı dövlət quruluşudur, amma indiki şəraitdə Azərbaycan üçün əlverişli deyil" - deyən Qurbanlı əlavə edib ki, Azərbaycan xalqı 1995-ci il 12 noyabrda keçirilmiş referendumla bir daha prezident idarəçiliyini qəbul edib.

Qurbanlı əlavə edib ki, əgər gələcəkdə Azərbaycanın idarəetmə formasının dəyişdirilməsi ilə bağlı referendum keçirilərsə, YAP bütövlükdə prezidentliyin saxlanılmasına səs verəcək.

Dünyanın 220 ölkəsindən 120-də prezident institutu mövcuddur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1991-ci ildə qəbul etdiyi Konstitusiyasına əsasən, prezident respublikasıdır.

Xəbər lenti

Xəbər lenti