...

Azərbaycanda "Alternativ hərbi xidmət haqqında" qanun Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra tətbiq ediləcək

Siyasət Materials 3 İyul 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul/ Trend , müxbir E.Babayev / Azərbaycanda "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra tətbiq ediləcək.

"Qanuna Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra qüvvəyə minməsi ilə bağlı yeni bəndin salınması nəzərdə tutulur", cümə axşamı Trend -a Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə deyib.

Trend -un arayışı: Azərbaycan 2001-ci ildə Avropa Şurasına qəbul edilərkən üzərinə bir sıra öhdəliklər götürüb. Bunlardan biri də "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməsidir.

Hazırda parlamentdə qanun layihəsinin hazırlanması üzərində iş gedir.

Mirzəzadə deyib ki, qanunun ictimai müzakirədən keçirilməsi vacibdir. Deputatın sözlərinə görə, müharibə şəraitində belə bir qanunun tətbiqi ədalət prinsiplərinin pozulması kimi qəbul edilə bilər: "Hər hansı bir vətəndaş öz oğlunun cəbhə bölgəsində olduğu bir şəraitdə, qonşusunun övladının alternativ xidmət keçməsini birmənalı qəbul etməyəcək. Qanun qəbul edilsə belə, onun tətbiqi münaqişədən sonraya saxlanıla bilər".

Mirzəzadə bildirib ki, Avropa Şurası da bu qanunun qəbulunu təkid etmir. Ona görə ki, Azərbaycan müharibə şəraitindədir və torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti