...

Konstitusiyaya dəyişiklik cəmiyyətin inkişafına əsaslanır - Elnur Aslanov

Siyasət Materials 6 Mart 2009 18:54 (UTC +04:00)
Konstitusiyaya dəyişiklik cəmiyyətin inkişafına əsaslanır - Elnur Aslanov

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanovun xüsusi olaraq RİA Novosti üçün müsahibəsi.

- Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair referendumun keçirilməsi ilə bağlı təşviqat kampaniyaları artıq start götürüb (seçki martın 18-də keçiriləcək). Referendumun keçirilməsi təşəbbüsü hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.  Bu təşəbbüs hansı məqsədləri nəzərdə tutur?

- Başlanğıc üçün bildirim ki, bizi əhatə edən dünya intensiv şəkildə dəyişir və bu müvafiq olaraq Azərbaycan kimi lokal məkanlara da təsir göstərir. 2003-2008-ci illərdə iqtisadi sıçrayış ölkədə yeni siyasi və sosial mədəni paradiqmaların formalaşmasında mühüm dövr olub. Dövlətlərin öhdəsindən gəlməli olduqları təhlükə və çağırışlar qlobal miqyasda dəyişib, müvaifq olaraq vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və müdafiə səviyyəsi də formasını dəyişir. Cəmiyyətin siyasi, iqtisadi və sosial bazisinin dəyişməsi mütləq qanunyaradıcı bazanın təkmilləşdirilməsinə aparır. Konstitusiyaya dəyişiklik əsas qanunu inkişaf reallıqlarına, son illər ərzində ölkənin nail olduğu səviyyəyə çatdırmaq məqsədi güdür. Axı 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunduqdan sonra həm milli, həm də dünya miqyasında çox dəyişiklik olub.

Hakim partiyanın təşəbbüsünə gəldikdə isə, o, boş yerə ortaya çıxmayıb. Üzvlərinin sayı 500 000 nəfərdən çox olan hakim Yeni Azərbaycan Partiyası bu düzəlişləri təklif etməzdən öncə, geniş partiyadaxili müzakirələr aparıb. Bununla yanaşı, bir sıra məsələlər üzrə çoxsaylı ictimai təşkilatlar, deputat korpusları və ekspertlər çıxış ediblər. Nəticədə Konstitusiyaya düzəliş və dəyişikliklər gündəmə gəlib.

Düzəlişlərlə diqqətlə tanış olsaq, bu dəyişikliklərin dövləti nə dərəcədə möhkəmləndirdiyini, insan hüquqları və azadlıqlarının müdafiəsinə nə dərəcədə səmərəli xidmət göstərdiyini görərik. Düzəliş və dəyişikliklərin ən mühüm vəzifəsi səmərəli dövlət siyasətinin reallaşdırılması, həmçinin fövqəladə hallar zamanı ölkədə sabitliyin dəyişmə risklərinin minimuma endirilməsindən ibarətdir. Bu halda görünür ki, referenduma çıxarılan məsələlər, dövlətin gələcəyi naminə üzərində böyük məsuliyyət payı daşıyır. Dünyanın inkişaf etmiş demokratik ölkələrində Konstitusiyaya nə qədər dəyişiklik və əlavələrin edilməsinə dair misal gətirməyəcəyəm, çünki hər şey aydındır.

-AR Konstitusiyasına təklif olunan düzəlişlər arasında daha çox 101-ci maddənin beşinci bəndinin fəaliyyətdə olan redaksiyasının dəyişdirilməsi rezonans yaratdı. Necə hesab edirsiniz, bu düzəliş hazırkı Azərbaycan reallıqlarında nə dərəcədə aktualdır?

- Mövcud Konstitusiya və 101-ci maddənin beşinci bəndi bu və digər şəxsə ardıcıl iki dəfə prezident postunu tutmağı qadağan edirdi. Martın 18-də keçiriləcək referenduma təklif olunan Konstitusiyaya əlavə və dəyişikliklərdə bildirilir ki, hər bir şəxs qeyri-məhdud müddətə prezident postuna seçilə bilər. Azərbaycanda bu bəndin redaksiyasına qarşı əsasən radikal müxalifətin bəzi nümayəndələri çıxış edirlər. Xatırladım ki, onlar 1995-ci ildə hazırkı Konstitusiyanın da qəbul olunmasına qarşı çıxış edirdilər və bir neçə dəfə seçkiləri baykot etmişdilər.

Bir şəxsin qeyri-məhdud müddətə prezident postuna seçilmə mümkünlüyü ümumilikdə demokratik dəyərlərə zidd deyil, çünki o, hər beş ildən bir prezident seçkilərinin keçirilməsini və hər bir vətəndaş tərəfindən öz namizədliyini irəli sürməsini nəzərdə tutur.

Heç kim heç kimi seçilmək və rəqabət aparmaq hüququndan və başqa hüquqlardan məhrum etmir. Siyasi məkan olduğu kimi qalacaq, yalnız prosesin iştirakçı sayı arta bilər.

Təəssüf ki, radikal müxalifətin nümayəndələri bu məsələni şəxsləndirirlər, çünki onlar başa düşürlər ki, real olaraq onların dövrü başa çatıb. Lakin referendum onun üçün keçirilir ki, hər bir vətəndaş seçki qutusuna yaxınlaşsın və bu məsələyə öz şəxsi münasibətini bildirsin. Demokratiyanın mahiyyəti və xalq hakimiyyətinin əsası bundadır. Hər şey kifayət qədər transparent olmalıdır və cəmiyyət bu və ya digər düzəlişin "lehinə" və ya "əleyhinə" səs verərsə, deməli ictimaiyyət bunun belə olmasını istəyir, deməli bu onun maraqlarındadır. Dövlətin suverenlik və müstəqilliyinin mahiyyəti bundadır.

- Məlum olduğu kimi, Avropa Şurasının Venesiya Komissiyası referendumun keçirilməsinədək referenduma çıxarılan düzəlişlərlə bağlı öz qərarını verməyə hazırlaşır. O, referendumun keçirilməsi və onun nəticələri nöqteyi nəzərindən hansı əhəmiyyətə malik olacaq?

- Avropa Şurası Venesiya Komissiyasının rəyi nəzərə alınacaq, lakin həlledici olmayacaq. Konstitusiyaya düzəliş və dəyişikliklər Azərbaycan xalqının seçiminə verilib və xalqın suveren hüquqlarını müəyyən edir. Başqa sözlə, xalq necə qərar versə, elə də olacaq. Təbiətdə daha demokratik prosedurlar mövcud deyil. Ekspertlər müxtəlif təşəbbüslərlə çıxış edə bilərlər, denmokratiya kriteriyaları ilə bağlı müzakirələr apara bilərlər, lakin cəmiyyət necə yaşamalı olduğunu həll etmək hüququna malikdir. Fikir verin, Konstitusiyaya düzəliş və dəyişikliklər dövlət və vətəndaşlara münasibətdə dəyişikliklər təklif etmir, insan hüquqlarını məhdudlaşdırmır, əksinə onları genişləndirir və daha səmərəli reallaşmaya gətirib çıxarır. Düşünürəm ki, biz düzgün yoldayıq və Azərbaycan xalqı hakim partiyanın təşəbbüsünü dəstəkləyəcək.

- Ənənəvi müxalifətin bir hissəsi, o cümlədən kütləvi aksiyalar keçirmək vasitəsi ilə referenduma qarşı fəal kampaniya aparmağa hazırlaşırlar. Bu mövqeyi necə qiymətləndirirsiniz və sizin fikrinizcə, onun səmərəliliyi necə olacaq?

- Bu sualın cavabı artıq səsləndirilib. Konstitusiyaya düzəliş və dəyişikliklərin edilib-edilməməsini martın 18-də Azərbaycan xalqı həll edəcək. Bu tutulan mövqedən asılı olaraq seçki qutusuna yaxınlaşmaq, ya "hə", ya da "yox" demək üçün fürsətdir. Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, MSK-də öz fəaliyyətlərini Kostitusiyaya dəyişikliklərin lehinə və ya əleyhinə aparan böyük sayda təşviqat qrupları qeydiyyatdan keçib. Bu tatamilə təbiidir və demokratik və transparent cəmiyyətin ruhuna uyğundur.

Müxalifətə televiziya və digər KİV-lərdə tribuna verlib, referendum ilə bağlı öz fikirlərini tam olaraq çatdırmaqdan ötrü kütləvi aksiyaların keçirilməsi üçün yer ayrılıb. Hər şey tamamilə normaldır və cəmiyyətdə mövcud olan müxtəlif siyasi qrupların rəqabət ruhuna xidmət etməlidir.  Lakin geniş sosial bazanın olmaması, təbii ki, onların kampaniyalarının səmərəliliyinə təsir göstərir. Fəal təşviqatların başladığı müddətdən artıq iki həftə keçib, müxalifət tərəfindən isə hələ ki, bu istiqamətdə real addımların atıldığı müşahidə olunmur.

Hakim partiya müxalifət nümayəndələri ilə müqayisədə hansısa üstünlüyə malik deyil, o, seçki qanunvericiliyinə müvafiq şəkildə seçicilərlə fəal görüşlər keçirir və başqa tədbirlər təşkil edir.

- Rusiyanın Ermənistana 800 mln. dollar həcmində silah-sursat tədarük etməsi məsələsi, həmçinin KTMT-nin Rusiya Silahlı Qüvvələrinin bəzi nümayəndələri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilə biləcəyi səsləndirilən Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) yaradılması barədə əldə olunan razılşmalar səbəbindən soyuqlaşan Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti və perspektivlərini necə qiymətləndirirsiniz? Bu aspektdə Azərbaycan rəhbərliyi hansı addımları atmaq niyyətindədir?

- Biz Rusiyaya strateji tərəfdaş qismində baxırıq və öz siyasətimizi bəyan olunan prioritetlərə müvafiq aparırıq. Ölkələrimiz arasında mal dövriyyəsi artır, humanitar əlaqələr möhkəmlənir, bizi təkcə tarixi deyil, digər tellər də bağlayır. Bu günlərdə Bakıda Lomonosov adına MDU filialının açılışı buna bir növ sübutdur. Bu mühüm və əlamətdar hadisədir.

Azərbaycan Rusiyanın dostudur və Azərbaycanın apardığı siyasətin əsasında sağlam düşüncə, müstəqil dövlətin məntiqi və münasibətlərdə səmimilik durur. Təcrübə göstərir ki, Azərbaycan öz vədlərini yerinə yetirir və təbii ki, biz bütün tərəfdaşlarımızdan analoji yanaşmanı gözləyirik.

KTMT KORQ-a gəldikdə isə, qeyd edim ki, birincisi, bu qarışıq hərbi qüvvələr yalnız iştirakçı dövlətə qarşı təcavüz olacağı təqdirdə əməliyyat apara bilərlər. Lakin etiraf etmək lazımdır ki, KTMT-da artıq təcavüzkar ölkə - Ermənistan var. Və ikincisi, Dağlıq Qarabağda silahlı münaqişə baş verəcəyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə öz ərazilərində hərbi əməliyyatlar aparacaq. Buna görə də, biz KTMT KORQ-a onu yaradan dövlətlərin öz daxili işi kimi baxırıq. Ümid edirəm ki, KTMT digər ölkələrin ərazilərinə təzavüz və iddiaların yer almadığı prinsiplər hazırlayacaq.

- Siz necə hesab edirsiniz, Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması üçün NATO və ya KTMT-yə qoşulması və üzv olmasının zəruriliyi barədə dilemma yalandırmı? Sualın bu cür qoyulması Azərbaycan üçün bir növ aprioridir? Yoxsa bu və ya digər tərəfi dəstəkləmək, ya da hər ikisindən zərbə almaq məcburiyyətində qalan kiçik dövlətlərin əbədi taleyi?

- Bu proses dərin siyasi təhlil tələb edir, çünki bu məsələ qarşılıqlı münasibətlərin sürətlə dəyişən paradiqmalarına və beynəlxalq siyasətin müxtəlif tərəflərinə toxunur.

Əlbəttə, müasir dünyada beynəlxalq strukturlara inteqrasiya etmək, bu müqavilələrin vəd etdiyi bu və digər üstünlüklərdən istifadə etmək lazımdır və mühümdür. Lakin Azərbaycanın öz milli maraqları və prioritetləri var, onlardan ən əsası dövlətin müstəqilliyi və ərazi bütövlüyüdür. Biz də bu prioritetlərdən çıxış edərək, dövlətin milli maraqlarına cavab verən öz xarici siyasətimizi aparırıq. Prezident İlham Əliyev öz siyasətində həmişə bu müddəaları qeyd edir, onlar regionun bu cür çətin geosiyasi kontekstində yerləşən və əraziləri açıq şəkildə işğal olunan dövlət üçün qanunauyğundur.

Biz bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyi olan Ermənistanın üzv olduğu hərbi-siyasi ittifaqın üzvü ola bilmərik. Digər tərəfdən, NATO-nun bizim regionun dövlətlərinə münasibətdə dəqiq bəyan olunan məqsədləri yoxdur.

Bu gün Azərbaycan rəhbərliyi tərəfindən aparılan siyasətin səmərəliliyi göz qabağındadır. Biz heç kəsin "forpost" adlandırmadığı real müstəqil dövlətik. Bizim beynəlxalq siyasətdə şəxsi prioritetlərimiz var və başqalarını da bərabərhüquqlu və qarşılıqlı əməkdaşlığa çağırırıq.

Xəbər lenti

Xəbər lenti