...

Avropa qitəsi ərazisindəki münaqişələrin həllində Avropa daha fəal rol oynamalıdır – Aleksandr Rar

Siyasət Materials 13 Mart 2010 11:27 (UTC +04:00)
Trend News-un AFR-in Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru Aleksandr Rar ilə xüsusi olaraq Yeni Azərbaycan qəzeti üçün ilə müsahibəsi
Avropa qitəsi ərazisindəki münaqişələrin həllində Avropa daha fəal rol oynamalıdır – Aleksandr Rar

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Trend -un AFR-in Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru Aleksandr Rar ilə xüsusi olaraq Yeni Azərbaycan qəzeti üçün ilə müsahibəsi

- Fransanın, xüsusilə də Aİ-nin rolunun güclənməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?

- Fransanın münaqişəyə müəyyən təsir vasitələri var. Belə ki, onun Avropa İttifaqında müəyyən mövqeyi var, özünü həmişə Aİ ilə eyniləşdirmir. Fransa özünü öz geosiyasi maraqları ilə keçmiş imperiya hesab edir, belə ki, əgər o, təşəbbüs göstərsə pis olmaz.

Lakin burada bir neçə problemlər var: birincisi, ABŞ Fransanı Cənubi Qafqaz regionuna çox da yaxın buraxmır. İkincisi, nəzərə almaq lazımdır ki, dünyada ən iri erməni lobbilərindən biri Fransadadır ki, bu da Parisin həmin münaqişənin həllində obyektiv rol oynamasına mane ola bilər.

Ümumilikdə, Aİ-yə gəldikdə isə mən hesab edirəm ki, Avropa qitəsi ərazisindəki münaqişələrin həllində Avropa daha fəal rol oynamalıdır və hər şeyi ABŞ geosiyasətinə verməməlidir. Lakin problem burasındadır ki, Aİ ölkələrində sülhyaratma və nizamlama siyasəti yeritmək üçün vahid fikir və dəqiq mexanizim yoxdur.

- Dondurulmuş münaqişələrin həll edilməsini öz fəaliyyətinin prioriteti elan edən ATƏT-in hazırkı sədri Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?

- Mən postsovet məkanındakı sülhyaratma işində Qazaxıstana hər şeyin yaxşısını arzulayıram. Keçmiş SSRİ məkanında Rusiyanın yeganə sülh yaradıcısı olmadığını göstərərək, Astana çox gözəl vasitəçi ola bilər və aparıcı rol oynaya bilər.

Təəssüflər olsun ki, Qərb hələ ki ATƏT-ə yeni qüvvələr vermək istəmir və Qazaxıstanın əli çoxları ilə əlaqələnib. ATƏT-in ciddi alətləri yoxdur, bu təşkilat son zamanlar beynəlxalq siyasətin arxa planına keçib. Hazırda Avropada mühüm və aparıcı rolu NATO və Aİ daxilindəki yeni strukturlar kimi institutlar oynayır. ATƏT tədricən məhv olur və ola bilsin ki, Qazaxıstan təşkilatı yenidən canlandırsın. Lakin ATƏT-in bir çox üzvləri bu məsələdə maraqlı olmasalar, bu çətin olacaq.

- ABŞ Konqresinin Aşağı Palatasında 1915-ci il qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul edilməsi Türkiyə-Ermənistan danışıqları prosesinə necə təsir göstərəcək?

- ABŞ hökuməti qondarma "erməni soyqırımı"nı tanımağın əleyhinə çıxır. Hazırda ABŞ-da hakimiyyətdə olan hökumət - Barak Obama hökuməti Türkiyə-Ermənistan münasibətlərindəki gərginliyi aradan qaldırmağa calışaraq, həqiqi sülhün tərəfindədir. Konqresin Aşağı Palatasında baş verənlər amerikalı neomühafizəkarların Obama siyasətini dayandıraraq, öz siyasətlərini yeritmək cəhdidir. Cənubi Qafqaza Qərbə yaxınlaşmaq imkanı verərək, ölkənin bütün siyasətinin Türkiyə-Ermənistan arasındakı sərhədlərin açılmasına yönəldiyi bir vaxtda Konqresdə bu cür qərarın qəbul edilməsi qeyri-konstruktiv və təhlükəli siyasətdir.

- ABŞ və Rusiya arasındakı "yenidən yüklənmə" ilə bağlı son hadisələr Vaşinqtonun İranın nüvə proqramı məsələsində Moskvanın dəstəyini ələ keçirmək istəyindən xəbər verir. Moskva İranın nüvə proqramı məsələsində Vaşinqtonun tərəfində duracaqmı?

- Rusiyanın maraqlarında İranın nüvə silahı əldə etməyinin qarşısının alınması ola bilər. Son on ildə Rusiyanın cənub sərhədlərində Pakistan, Hindistan, Cənubi Koreya kimi iri nüvə silahına mailk dövlətlərin olması artıq olduqca təhlükəlidir. Lakin fikrimcə, Rusiya nüvə təhlükəsindən daha çox, məhz NATO və ABŞ qüvvələrinin onu yalnız qərbdən deyil, həmçinin cənubdan əhatə edə bilməsindən çəkinir. Rusiya ehtiyatlanır ki, Şah Məhəmməd Rza Pəhləvinin dövründə olduğu kimi, ABŞ İrana qayıda bilər, həmçinin, Pakistan, Əfqanıstan və İraqda bazaları ola bilər. Məhz bu zaman Rusiya təklənəcək və ABŞ hərbi infrastrukturu tərəfindən əhatə olunacaq.

Lakin nə vaxtsa Rusiya iki seçim qarşısında olacağı zaman, ABŞ-a kömək etmək, yaxud xaricdə daha bir nüvə ölkəsinin meydana çıxmasını gözləməkdən birini seçəcək. Burada udmaq imkanı yoxdur, burada yalnız iki seçimdən ən yüngülünü seçmək imkanı olacaq.

- İtaliyanın Eni şirkətinin rəhbəri "Cənub axını" qaz kəməri layihəsini "Nabukko" layihəsi ilə birləşdirməyi təklif edib ki, bu da onun fikrincə, bu layihə üzrə xərcləri, xüsusən də investisiya və əməliyyat xərclərini azaldacaq. Onun sözlərinə görə bu, layihəyə yatırılmış vəsaitlərin geri götürülməsini sürətləndirəcək. Sizcə, bu ideya nə dərəcədə mümkündür?

- Bu nəinki mümkün, hətta lazımdır! Avropaya iki boru lazım deyil. "Nabukko" sırf iqtisadi məqsəd daşımır, siyasi layihədir və Rusiyanın Mərkəzi Asiya vasitəsilə Avropaya qaz tədarükü təsirini azaltmağa yönəlib. Əgər tərəflər razılığa gələrlərsə, tikintisində Rusiya şirkətlərinin də iştirak edəcəyi və boru ilə keçən qaza Rusiyanın da nəzarət edəcəyi kəmər çəkilə bilər. Lakin məntiq göstərir ki, bir kəmər çəkilməlidir.

Yekun nəticədə, hazırda hamı siyasəti həll etmir, investorlar və bir çox Qərb şirkətləri artıq "Nabukko" və "Cənub axını" layihələrinin birləşdirilməsinə razıdırlar. Lakin hazırda məsələ Rusiyanın bu layihəni həyata keçirtmək istəyən investor və şirkətlərlə əməkdaşlıq edib-etməyəcəyindədir.

Xəbər lenti

Xəbər lenti