...

Nikolay Azarov: Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə kömək etməyə hazırdır (MÜSAHİBƏ)

Siyasət Materials 2 Aprel 2012 08:00 (UTC +04:00)
Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfər öncəsi Trend-ə müsahibəsi
Nikolay Azarov: Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə kömək etməyə hazırdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Ağayeva/

Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfər öncəsi Trend-ə müsahibəsi

- Səfər zamanı Siz Azərbaycanla siyasi və iqtisadi sahədə hansı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək fikrindəsiniz?

- Birincisi, məmnuniyyətlə qeyd edirəm ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlıq formasında inkişaf edir. Mənim səfərim bu əməkdaşlığın gələcək inkişafına yönəlib.

Əsas məsələlər iqtisadi, hərbi-texniki əməkdaşlıq, həmçinin də yanacaq-energetika sahəsində qarşılıqlı əlaqələrdir. Yəni bunlar Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın səmərəli şəkildə üzərində işlədiyi istiqamətlərdir.

İkincisi, 2011-ci ildə bizim əmtəə dövriyyəmiz ($1,4 mlrd.) 2010-cu ilə nisbətən ($1,6 mlrd.-a yaxın) bir qədər azalıb. Bu göstəricilər böhranlı 2009-cu ilin səviyyəsindən ($0,9 mlrd.) olduqca yüksək olsa da, mən hesab edirəm ki, bizim prezidentlər Viktor Yanukoviç və İlham Əliyevin keçən ilin aprel ayında imzaladığı "Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı"nın həyata keçirilməsi çərçivəsində tərəfdaş əlaqələrimizin daha da genişləndirilməsi üçün xeyli istifadə edilməyən imkanlar var.

Hazırda gündəmdə həll olunmasına əlavə təkan verən məsələlər durur. Bu, ilk növbədə yanacaq-energetika kompleksindəki əməkdaşlığa aiddir. Ukrayna Qara dənizin sahilində Azərbaycan neftinin emalı üzrə zavodun tikilməsində və "Naftoqaz Ukrainı" Milli Səhmdar Şirkətinin Azərbaycanda perspektivli yataqlarda axtarış-kəşfiyyat işləri aparmasında maraqlıdır.

Ukraynanın tikinti və kənd təsərrüfatı şirkətlərinin Azərbaycan bazarına daxil olması da perspektivli görünür.

9 aprel 2009-cu il tarixdə Ukrayna və Azərbaycan Nazirlər kabinetləri arasında "Kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında" Çərçivə Sazişi imzalanıb. Azərbaycanın kosmik sənayesinin gələcək inkişafına dair planlarını nəzərə alaraq, biz Azərbaycanın peyklərini orbitə çıxarılmasından başlayaraq, kosmik sahədə mütəxəssislərin hazırlanmasına qədər olan uzunmüddətli layihələrin həyata keçirilməsinə hazırıq. Bu istiqamətdə ikitərəfli səviyyədə iş aparılır, amma onu fəallaşdırmaq lazımdır.

- Ukrayna GUAM çərçivəsində bu təşkilatın səmərəliliyini artıran hansı yeni təşəbbüslərlə çıxış edəcək?

- Ukrayna GUAM-ı regional əməkdaşlığın mühüm mexanizmlərindən biri hesab edir və bu təşkilatın inkişafı üçün əlindən gələni edəcək. Biz təşkilatın fəaliyyətinin həm iqtisadi (GUAM ölkələri arasında əmtəə dövriyyəsi ötən ilin 9 ayında $4 mlrd.-dan çox təşkil edib), həm də siyasi komponentinə, həm də energetika və enerji təhlükəsizlik sahələrində əməkdaşlığa böyük ümidlər bəsləyirik.

Ukrayna həm hazırkı formatda, həm də "GUAM+" formatında əməkdaşlığın gələcək genişləndirilməsi üçün açıqdır.

Bu yaxınlarda GUAM-ın Katibliyində müvafiq idarələr və təşkilata üzv dövlətlərin səfirliklərinin nümayəndələrinin iştirakı ilə iqtisadiyyat və ticarət üzrə İşçi qrupun 12-ci iclası keçirilib. İclasda GUAM üzvləri arasında "Azad ticarət zonası haqqında" Saziş üzrə iştirakçılarının işini əlaqələndirən orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsinə dair Protokol layihəsi müzakirə olunaraq razılaşdırılıb.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması iki onilliyə yaxın davam edir. Kiyev bu münaqişənin nizamlanmasına nə cür yardım vermək fikrindədir?

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi əhəmiyyətli bir məsələdə Ukrayna dövlətinin mövqeyi sərt və dəyişməz olaraq qalır. Bu mövqe ondan ibarətdir ki, adıçəkilən münaqişə ancaq sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Bu norma və prinsiplərin sırasına beynəlxalq birliyinin tanıdığı sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət və qaçqıların iqtisadi reabilitasiyasına və təhlükəsiz qayıtmasına imkan yaratması daxildir.

Ukrayna, xüsusilə 2013-cü ildə ATƏT-də sədrliyi dövründə, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə kömək etməyə hazırdır.

- Azərbaycan və Ukrayna Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin də daxil etdiyi Avrasiya neft nəqliyyat dəhlizinin fəal iştirakçılarıdır. Neftin Azərbaycandan Ukraynaya tədarükləri məsələlərində bugünkü münasibətləri necə qiymətləndirirsiz? Bu əməkdaşlığın, o cümlədən də enerji daşıyıcıların gələcək ixracı məsələsində əməkdaşlığın inkişafının perspektivləri necə görürsünüz?

- Ukrayna neftin Xəzər regionundan ölkəmizə tədarükünün, həmçinin də Avropa bazarlarına tranzitinin şaxələndirilməsi məqsədi ilə yeni marşrutun yaradılmasını nəzərdə tutan Avrasiya neft nəqliyyat dəhlizində maraqlıdır.

Ötən ilin fevralında "Ukrtransnafta" Belarusdakı Mozır nef emalı zavoduna nəqli üçün Azərbaycan neftini Odessa-Brodı neft kəmərinə vurmağa başlayıb. Bu tranzitin həcmi ildə 4 mln ton təşkil edir. Bu, Avrasiya neft nəqliyyat dəhlizinin maksimal layihə gücündən 10 dəfə azdır.

Çox təəssüf ki, bu boru kəmərinin Polşanın Qdansk şəhərinə kimi uzadılmasının texniki-iqtisadi əsaslandırması başa çatsa da, Polşa indiyə kimi Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin tikintisini tamamlamaq qərarına gəlməyib. Bizim dəfələrlə Polşa tərəfdaşlarımıza bu layihəni tam şəkildə həyata keçirməyi təklif etdiyimizə baxmayaraq, onlar bunu hələ də özləri üçün əlverişsiz hesab edirlər.

Eyni zamanda biz Ukraynada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəyaliyyətini alqışlayırıq. 2011-ci ilin yanvarında ARDNŞ Ukraynada yanacaqdoldurma stansiyaların şəbəkəsini açıb ki, bu yanacaqdoldurma stansiyalarının sayının 1000-ə qədər genişləndirilməsi planlaşdırılır. 2011-ci ilin avqustundan başlayaraq ARDNŞ-nin bunker biznesinə (gəmilərin yanacaq və motor yağları ilə doldurulması - Trend) başladığı ilk Şərqi Avropa ölkəsi məhz Ukrayna olub və hazırda ARDNŞ bilavasitə Dneprin akvatoriyasında gəmilərin yanacaqla doldurulması üzrə xidmətləri təklif edir.

- Bu gün enerji təhlükəsizliyi və qazın alternativ marşrutlarla nəqli məsələləri aktuallıq kəsb edit. Rəsmi Bakı və Kiyev Azərbaycan qazanın əsasən maye formasında nəqli üzərində səylə çalışır. Bu istiqamətdə hazırda hansı işlər aparılır?

- 2011-ci ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda Azərbaycan və Ukrayna arasında neft nəqli və Ukraynaya təbii maye qazın tədarükü haqqında dovlətlərarası razılaşmalar imzalanıb.

Bundan sonra, Ukraynada Odessa şəhərinin ətrafında təbii maye qazın qəbul edilməsi üçün dəniz kompleksinin - LNG terminalının tikilməsi layihəsinin reallaşdırılmasına dair aktiv hazırlıqlar aparılıb. 2011-ci ilin noyabrında, Romada, XII Dünya LND sammitində Ukrayna LNG klubuna qəbul edilib.

Terminal layihəsinin texniki-iqtisadi əsaslandırılması artıq İspaniyanın "Socoin" kompaniyası tərəfindən hazırlanıb. İlkin hesablamalara əsasən, artıq cari ildə terminalın tikintisi başlanacaq.

Xəbər lenti

Xəbər lenti