...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 3 İyun 2013 12:27 (UTC +04:00)
Bu gün Bakda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) illik hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət rəsmiləri və eyni zamanda ATGTİ-nın üzvü olan 84 ali və orta ixtisas təhsil müəsisəsinin tələbə gənclər təşkilatının seçilmiş nümayəndələrindən ibarət 1400-dən yuxarı tələbə iştirak edib.

Konfrans eyni zamanda birbaşa videogörüntü vasitəsi ilə Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində də keçirilib.

Tədbiri giriş sözü ilə açan ATGTİ sədri Şahin İsmayılov konfransın gündəliyi və digər məsələlər barəsində məlumat verib.

Konfransın gündəliyinə ATGTİ-nin illik hesabatı, ATGTİ-na yeni üzvlərin qəbul olunması və mövzular ətrafında müzakirələrin aparılması daxil olub. Müzakirə edilən mövzulara son 10 ildə dövlət gənclər siyasəti və bu siyasətin reallaşdırılmasında tələbə gənclər təşkilatlarının töhfəsi, ATGTİ-nın bu siyasətə töhfəsi, son 10 ildə Azərbaycanda gedən ictimai-siyasi proseslər və gənclərin bu proseslərə münasibəti və s. mövzular daxil olub.

İsmayılov ATGTİ-nın son bir ildəki fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında məlumat verib. Daha sonra ATGTİ-na üzv olan gənclər təşkilatlarının nümayəndələri çıxış edərək fəaliyyətləri haqqında məlumat veriblər.

Sonra konfransda İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edilib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 83 dövlət və özəl ali və orta ixtisas təhsili müsəssisəsinin 100 minə yaxın tələbəsini özündə birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının hər bir üzvü cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, vətənimizin bir sıra qlobal əhəmiyyətli qurumlarda təmsil olunması, yüksək kürsülərdə söz sahibi olmasından fəxr duyur: "Cənab Prezidentin hakimiyyəti illərində ölkəmizdə həyata keçirilən iqtisadi-sosial layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, xarici ölkələrlə çoxşaxəli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır".

Bəyanatda daha sonra qeyd olunub ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə böyük stimul olmuş və məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq, beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi etmişdir. Sadəcə Eurovision mahnı müsabiqəsinin Bakıda kreçirilməsi və Azərbaycanın 2015 Avropa Olimpiadasına ev sahibliyini etməsi buna əyani sübutdur. Qafqaz regionunun iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edən Azərbaycan Respublikasının iqtisadi və demoqrafik göstəriciləri bu gün Gürcüstan və Ermənistanın müvafiq göstəricilərini üstələyir. Vətənimiz Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olaraq dünyada mövqelərini dəfələrlə möhkəmlədə bilmiş, tarixi həqiqətlərimizi dünyaya çatdırmağa, ermənilərin uydurma yalanlarını ifşa etməyə nail olmuşdur. Məhz bu səbəbdəndir ki, son illər bir çöx dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları Xocalı Qarabağ həqiqətlərini rəsmi şəkildə tanımışdır: "Bütün bunları nəzərə alan Azərbaycan gəncliyi olaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, ölkəmizin bu günü və gələcəyi naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edir, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti