Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Bu gün Türkiyənin 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başladı. Səfər öncəsi açıqlama verən dövlət başçısı Azərbaycana səfərinin ənənəvi olduğunu qeyd etdi.
Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, hərbi, mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri ilə yanaşı, heç şübhəsiz, tərəflər üçün ən önəmli məsələlərdən biri olan Dağlıq Qarabağ problemi də müzakirə olundu.
"Bir millət, iki dövlət" prinsipinə arxalanan Bakı və Ankara arasında münasibətlərin təkmilləşdirilməsi, hərbi, müdafiə sənayesi, siyasi və iqtisadi əməkdaşlığın müzakirə edilməsi əslində çox normaldır.
Azərbaycan və Türkiyə prezidentləri arasında müzakirə olunan digər önəmli məsələlərdən biri də regional layihələr, eyni zamanda, qlobal əhəmiyyət daşıyan TANAP layihəsi oldu. TANAP-la yanaşı, regionun digər iqtisadi layihələri də müzakirə obyektləri arasında idi.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri tarixinə nəzər salsaq, Azərbaycanın müstəqilliyinin bərpasından bu günə qədər Ankara ilə Bakı arasında əməkdaşlığın yalnız yüksələn xətt üzrə inkişaf etdiyinin şahidi olmaq olar.
Ankara-Bakı əlaqələrinin xronologiyası göstərir ki, Ankara bütün məsələlərdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakı da hər zaman bütün məsələlərdə Türkiyəyə dəstək verib.
Bütün bunlarla yanaşı, Türkiyə rəsmiləri dəfələrlə ölkənin Dağlıq Qarabağ məsələsində mövqeyinin sabit olduğunu və bundan sonra da dəyişməz qalacağını açıqlayıblar.
Hətta son olaraq, ölkənin yeni Baş naziri Əhməd Davudoğlu Cənubi Qafqazda sülhün və sabitliyin, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin Ankara üçün prioritet məsələlərdən biri olduğunu açıqladı.
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ probleminin NATO sammitində gündəmə gətiriləcəyini də bildirdi.
O qeyd etdi ki, NATO sammitində bəzi ölkələrə verilən vədlər yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik".
Digər bir tərəfdən, tam əminliklə söyləmək olar ki, Türkiyə iqtidarını kimin təmsil etməsindən asılı olmayaraq, Ankaranın Dağlıq Qarabağ probleminin həllində mövqe dəyişikliyi edəcəyi qeyri-mümkündür.
Türkiyə Prezidentinin Azərbaycana səfərini sadəcə protokol xarakterli səfər kimi dəyərləndirmək düzgün olmazdı.
Bu ilin mart ayında Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsindən sonra ölkənin ən güclü siyasi fiquru olan Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etdiyi nəzərə alınsa, Azərbaycanın Türkiyə üçün çox önəmli olduğunu söyləmək olar.
Bələdiyyə seçkilərindən sonra isə Türkiyədə bir çox siyasi analitiklər Ərdoğanın ilk səfərinin ABŞ-a olacağını ehtimal edirdilər.
Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə və bu gününə nəzər salsaq, iki ölkə arasında münasibətlərin siyasətin fövqündə dayandığını söyləmək olar.