...

YAP-dan "seçki narahatlığı"na cavab

Siyasət Materials 11 Mart 2015 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bəzi KİV-lərdə "hakimiyyətdə deputat siyahısı narahatlığı" ilə bağlı iddialara münasibət bildirib.

S.Novruzov Trend-ə açıqlamasında bu iddiaların tamamilə əsassız olduğunu vurğulayıb: "Qəti şəkildə belə bir şey yoxdur. Təbii ki, parlament seçkiləri ilə əlaqədar istənilən normal siyasi partiya öz namizədlərini müəyyənləşdirir, yeni namizədlər axtarır, hansı seçki dairəsindən kimlərin gedə biləcəyi barədə tədqiqatlar aparır. Bu normal bir prosesdir. Anormallar bunu başa düşmür və yaxud da bundan şou düzəltməyə çalışırlar".

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da hər dəfə seçkilərə bir il qalmış özünün seçki proqramını təsdiq edir və bu proqram əsasında da öz işini qurur: "Artıq bu proqram təsdiq olunub, dairələr üzrə seçicilərin müəyyənləşdirilməsi aparılır. Çünki seçicilərin yerdəyişməsi baş verib, dünyasını dəyişənlər var, 18 yaşına çatanlar var, hərbi xidmətə gedənlər və hərbi xidmətdən qayıdanlar var. Bunların hamısının tədqiqatları aparılır. Eyni zamanda, o ərazilərdəki mövcud problemlər və onların həlli yolları, oradakı millət vəkillərinin fəaliyyəti ilə bağlı seçicilərin rəyi öyrənilir. Bu normal bir prosedur qaydadır ki, seçki dövründə hansı dairədən hansı namizədin irəli sürülməsi müəyyən edilir".

S.Novruzov vurğulayıb ki, hakimiyyətdə seçki narahatçılığı var deyənlərin özlərinin heç bir potensialı yoxdur: "Onlar özləri namizəd müəyyənləşdirə bilmirlər. Birincisi, heç namizədləri yoxdur. Ordan, burdan, QHT-dən adam tapıb kimisə həvəsləndirməyə çalışırlar ki, namizəd kimi irəli sürsünlər. Hər bir siyasi partiyanın seçki platforması olmalıdır. Ancaq bunlar anormal partiya olduqları üçün, anormal siyasətçi olduqları üçün, seçkilərə anormal yanaşdıqları üçün həmişə də seçkilərdə biabrçı şəkildə uduzurlar və indidən "seçki narahatçılığı var" kimi əsassız iddialar ortaya atmaqla aranı qarışdırmağa çalışırlar. Bu gün heç bir seçki narahatçılığı yoxdur, bizim deputatlarımız aktiv şəkildə parlamentdə də, dairələrdə də fəaliyyət göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti