...

Politoloq: Ukraynada hakimiyyətdaxili mübarizə başlayıb

Siyasət Materials 7 Oktyabr 2015 15:33 (UTC +04:00)
Ukraynada hakimiyyətdaxili mübarizə başlayıb. Baş nazir A.Yatsenyuka edilən hücumlar onun partiyasının sonuncu parlament seçkilərində cüzi səslə də olsa, prezidentin partiyasına qalib gəlməsi ilə əlaqəlidir. Odessanın meri, ABŞ-da və Avropada xüsusi hörmətə malik M.Saakaşvilinin Yatsenyuka hücumlarının təşkilində də prezident Poroşenkonun maraqlarına xidmət edir. Dekabrdan sonra Yatsenyukun dəyişiləcəyini proqnozlaşdırmaq mümkündür.
Politoloq: Ukraynada hakimiyyətdaxili mübarizə başlayıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Ukraynada hakimiyyətdaxili mübarizə başlayıb. Baş nazir A.Yatsenyuka edilən hücumlar onun partiyasının sonuncu parlament seçkilərində cüzi səslə də olsa, prezidentin partiyasına qalib gəlməsi ilə əlaqəlidir. Odessanın meri, ABŞ-da və Avropada xüsusi hörmətə malik M.Saakaşvilinin Yatsenyuka hücumlarının təşkilində də prezident Poroşenkonun maraqlarına xidmət edir. Dekabrdan sonra Yatsenyukun dəyişiləcəyini proqnozlaşdırmaq mümkündür.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, P.Poroşenkonun BMT Baş Assambleyasında çıxışının əsas məzmunu Rusiya əleyhinə idi: "O bütün dünya dövlətlərini Rusiyanı izolyasiya etməyə çağırdı, Donbasa heç bir statusun verilməyəcəyini bildirdi. NATO baş katibi Y.Stoltenberq Ukraynaya səfər etdi. Qərbi Ukraynada Lvov şəhərində prezident P.Poroşenkoyla görüşdü. Ukraynada NATO-nun təmsilçiliyi açıldı. Baş katib NATO ilə Ukrayna arasında əlaqələrin genişlənəcəyini bildirdi".

Mərkəz rəhbəri bildirib ki, ABŞ Ukrayna siyasətini sərtləşdirib: "ABŞ-ın fikrincə, əgər rəsmi Kiyev Donbasda seçkilər keçirməklə bağlı qərar qəbul edibsə, yaxın vaxtlarda bu regionda əlavə seçkilər keçirilməməlidir. Bir az bundan öncə ABŞ Ukrayna konstitusiyasında bu yönümdə edilən dəyişiklikləri bəyənmişdi. İndi mövqeyinin sərtləşməsinin əsas səbəbi "Minsk-2" prosesini zəiflətmək və bununla da Rusiyaya qarşı mübarizə üçün yeni element yaratmaqdır. Konqresdə müzakirə olunan qanunda da edilən dəyişikliklərə görə, Ukraynaya müdafiə silahlarının verilməsi nəzərdə tutulur. Ümumilikdə ABŞ Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlar aparmasına razılıq verməyib".

M.Əhmədoğlu sonra qeyd edib ki, Rusiyanın Ukrayna üzrə siyasətində intensivliyin azaldığı müşahidə olunur: ""Normand" formatında görüşlər əvvəlki intensivlikdə keçirilmir. Rusiya Ukraynanı Krımsız hesab edir. İndiki şəraitdə Donbasın bufer zonaya çevrilməsi barəsində israr edir. Rusiyanın Krımın ona məxsusluğu barədə ideyalarını dəstəkləyənlərin sayı artır. İtaliyanın keçmiş baş naziri S.Berluskoni V.Putinin şəxsi qonağı kimi Krıma gəldi. V.Putin onu Krımda qarşıladı, sutka yarımadək onunla birlikdə Krımda vaxt keçirdi".

Politoloq sonra əlavə edib ki, Ukrayna münaqişəsi donma mərhələsindədir: "Dağlıq Qarabağ münaqişəsində olduğu kimi. Ukraynanın əlində imkan olanda Dağlıq Qarabağ münaqişəsinin donunun açılması ilə məşğul olmadı. Görünür, donma mərhələsi Ukraynanın daha çox xoşuna gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti