...

İlham Əliyev: O vaxt Azərbaycan rəhbərliyində “Şahdəniz” layihəsinə etiraz edən şəxs çoxdan ölkədən qaçıb

Siyasət Materials 1 Sentyabr 2016 17:47 (UTC +04:00)
O vaxt Azərbaycan rəhbərliyində “Şahdəniz” layihəsinə etiraz edən şəxs çoxdan ölkədən qaçıb.
İlham Əliyev: O vaxt Azərbaycan rəhbərliyində “Şahdəniz” layihəsinə etiraz edən şəxs çoxdan ölkədən qaçıb

Bakı. Trend:

O vaxt Azərbaycan rəhbərliyində “Şahdəniz” layihəsinə etiraz edən şəxs çoxdan ölkədən qaçıb.

Trend-in məlumatına görə, bunu sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə söhbət edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu işlər başa çatandan sonra bizim işçilərimiz gərək növbəti layihələrdə iştirak etsinlər. Ona görə, siz gərək daim iş görəsiniz. Çünki bunlar neçə illərdir işləyiblər, təcrübə toplayıblar. Ona görə, bu işlər davam etdirilməlidir. Yəqin ki, bunu nəzərə alırsınız. Bu işlər gələcəkdə cədvəl üzrə təmin edilməlidir".

Rövnəq Abdullayev: Dayanıqlı layihələr həyata keçirəcəyik.

Prezident İlham Əliyev: Biz bu işi davam etdirməliyik. Birincisi, ona görə ki, iqtisadiyyatımız inkişaf etsin. İkincisi isə, bizim işçilər iş yeri ilə təmin olunsunlar.

Yuan Dramond: Biz tərəfdaşlığımızı davam etdiririk və birlikdə sıx əməkdaşlıq edirik. İşçilərin ümumi sayının 80 faizini azərbaycanlılar təşkil edir.

Prezident İlham Əliyev (işçilərə müraciətlə): Siz necə, işinizdən razısınızmı?

İşçilər: Bəli razıyıq, çox sağ olun.

Rövnəq Abdullayev: Cənab Prezident, bütün işçilərə ən müasir tələblərə uyğun hər cür şərait yaradılıb.

İmran Şıxəliyev (“BOS Shelf”in əməkdaşı): Cənab Prezident, “BOS Shelf” şirkəti olaraq biz Sizin qarşınızda söz veririk ki, bundan sonra da neft şirkətinin, xarici şirkətlərin, dünya ölkələrinin hər birinin bütün sifarişlərini yerinə yetirmək iqtidarındayıq və buna ekoloji cəhətdən tam hazırıq. Bir sözlə, Azərbaycan xalqının əmin-amanlığı, iqtisadiyyatın inkişafı üçün bütün qüvvəmizi sərf etmişik və bundan sonra da sərf etməyə hazırıq. Bizim kollektiv həmişə Sizin siyasətinizi dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Biz Sizinləyik.

Prezident İlham Əliyev: Çox sağ olun. Yadımdadır, 1994-cü ildə “Əsrin kontraktı”nın danışıqları aparılarkən, biz kontraktın icrası ilə bağlı belə bir təklif irəli sürdük ki, tədricən Azərbaycan vətəndaşlarının payı artsın. Təxminən 20 faizdən sonda 80-85 faizə qədər biz bunu təmin etməyə çalışırdıq. Danışıqları Xoşbəxt müəllimlə bərabər aparırdıq. Bu gün bu, reallıqdır. Bunu 20 il bundan əvvəl təsəvvür etmək mümkün deyildi.

Xoşbəxt Yusifzadə (SOCAR-ın birinci vitse-prezidenti): Bəli, cənab Prezident, bu, o vaxt heç insanın ağlına gəlməzdi.

Rövnəq Abdullayev: Cənab Prezident, ən vacibi odur ki, artıq mühəndisliyin 100 faizi burada yerləşir.

Prezident İlham Əliyev: O vaxt “Əsrin kontraktı” imzalanmasaydı indi nə olacaqdı? İş olmayacaqdı, təcrübə olmayacaqdı.

Xoşbəxt Yusifzadə: Danışıqlar çox çətin gedirdi, cənab Prezident, bəzən inciyənlər, küsənlər olurdu.

Saliha Dündar (“Türkiyə petrolları” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri): Cənab Prezident, biz də “Türkiyə petrolları” olaraq Azərbaycan üçün əlimizdən gələni etməyə hazırıq.

Prezident İlham Əliyev: Sağ olun. “Türkiyə petrolları” “Şahdəniz” layihəsində ikinci səhmdardır.

Xoşbəxt Yusifzadə: Cənab Prezident, “Şahdəniz” layihəsinin özü də çox mübahisəyə səbəb oldu.

Prezident İlham Əliyev: Bəli, o ayrı hekayədir. “Şahdəniz” imzalananda bəziləri buna etiraz edirdilər. O vaxt Prezident Heydər Əliyev müşavirə keçirdi. Bizi də dəvət etdi - Xoşbəxt müəllimi, məni, digər vitse-prezidentləri. Hər birimizdən soruşdu ki, siz də deyin, doğrudanmı biz bunu imzalamamalıyıq. O vaxt Azərbaycan rəhbərliyində bir nəfər var idi ki, buna etiraz edirdi. O, çoxdan Azərbaycandan qaçıb gedib. Ancaq o etirazın da səbəbi indi bəlli oldu. Yəni, onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi. O vaxt “Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açmışdı. Milli Məclisdə öyrədilmiş bəzi deputatlar, hökumətdə bəziləri layihənin əleyhinə çıxmağa başlamışdılar. Ulu öndər Heydər Əliyev, əlbəttə, yaxşı bilirdi ki, “Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq məsələni müzakirə etmək üçün bizim hamımızı dəvət etdi. Dövlət Neft Şirkətinin bütün rəhbərlərini, hökumətin, Milli Məclisin rəhbərlərini dəvət etdi ki, buyurun, deyin nədir sizin iradınız. “Şahdəniz” layihəsinin əleyhinə ortaya heç bir arqument qoyulmadı. Biz hamımız durub öz sözümüzü dedik. Dedik ki, bu layihə mütləq imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat bunu sübut edir. Onda təcrid vəziyyətdə qalmış o fərd, - belə desəm daha düzgün olar, - çox məyus oldu və iclası tərk etdi. Ondan təxminən iki-üç ay sonra Azərbaycanı da həmişəlik tərk etdi.

Yəni, “Şahdəniz” layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmamışdır. Nəyə görə bunu edirdi? Başa düşmürdü ki, bu, Azərbaycana xeyir gətirəcək? Başa düşürdü. İstəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi vəziyyət pisləşsin ki, sonradan özü üçün ondan da böyük vəzifə əldə etsin. Ancaq budur “Şahdəniz” layihəsi. Minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işləyir, pul qazanır, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir, nə qədər valyuta gəlib və gələcək. İndi “Şahdəniz-2”nin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək. “Şahdəniz” layihəsi olmasaydı, heç kim “Abşeron” layihəsinə, “Ümid” yatağına sərmayə qoymazdı. Kim 3500 kilometrlik bu boru xəttini, qaz kəmərini çəkərdi?! Kim 45 milyard dollar pul qoyardı?! Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeyi üstünlük təşkil etmiş olsaydı, bunların heç biri olmayacaqdı. Sağ olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti