...

Ermənistanın məğlubiyyətinə az qaldı – Böyük qayıdış başlayır

Siyasət Materials 25 Yanvar 2017 21:45 (UTC +04:00)

Bəxtiyar Hacıyev – Trend:

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu minlərlə hektar ərazini erməni işğalından azad etdi. O cümlədən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı zamanı Lələ Təpə yüksəkliyinin erməni işğalından azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu.

Bununla əlaqədar ötən gün Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı.

Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastruktur inşa olunacaq. Bu işlərə ilkin olaraq 4 milyon manat ayrılıb.

Xatırlatma: 1994-cü ildə Horadiz əməliyyatı zamanı Milli Ordumuz şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2016-cı ilin aprelində isə kəndin ərazisindəki Lələ Təpə yüksəkliyi işğaldan azad edilib.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın təbiət guşələri, mineral su mənbələri və s. erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

Əlbəttə ki, bərpa işlərindən əvvəl tam təhlükəsiz yaşayışı təmin etmək üçün Cocuq Mərcanlı kəndinin bütün ərazisinin minalardan təmizlənməsi işləri aparılacaq. Çünki uzun müddət erməni gülləbaranı altında olan kəndin ərazisində çoxlu sayda döyüş sursatları və minaların olması ehtimalı yüksəkdir.

Əslində, bu, aprel döyüşlərinin nəticəsi, doğma torpaqlara qayıdışın başlanğıcıdır. Təsadüfi deyil ki, vaxtilə Cocuq Mərcanlı kəndində yaşayan 400 ailədən təqribən yarısı doğma yurdlarına qayıtmaq istəyini bildirib. Bu, hər şeyə sıfırdan başlamaq olsa da, məcburi köçkünlərimizin ən böyük arzusunun öz el-obalarına qayıtmaq olduğunu göstərir. Bu böyük arzu gec-tez tamamilə həyata keçəcək və dövlət başçımızın belə sərəncamları hələ çox olacaq.

Təbii ki, Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox tədbirlər görüb, müvafiq fərman və sərəncamlar imzalayıb və bu siyasət indi də davam edir. Lakin insana öz doğma yerindən, doğulduğu torpaqdan əziz heç nə ola bilməz və torpaq həsrətini heç nə ilə əvəzləmək mümkün deyil.

Həmçinin bu sərəncam Prezident İlham Əliyevin Azərbaycanın haqq işinə, torpaqlarımızın erməni işğalından azad edilməsi siyasətinə sədaqətini bir daha göstərir. Bu mənada, Cəbrayıl rayonunun girişi sayılan Cocuq Mərcanlının bərpası Ermənistana ciddi işarədir – biz zaman-zaman bütün ərazilərimizi şübhəsiz ki, işğaldan azad edəcəyik və doğma torpaqlarımıza qayıdacağıq.

Ermənistan öz aqibətini çox gec də olsa, düşünməlidir. Hər ötən gün Ermənistanı məğlubiyyətə artıq bir qədər də yaxınlaşdırır. Ermənistanın cinayətkar rəhbərliyi son dönəmlərdə cərəyan edən siyasi, hərbi, iqtisadi proseslərdən nəticə çıxarmalıdır: Azərbaycan ərazilərini işğal etməklə son 25 ildə nə qazandı? Heç şübhəsiz ki, itkiləri qazancından – o da əgər varsa – qat-qat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti