...

Cəlil Xəlilov: ÜAK-ın ləğvinə cəhd hamı tərəfindən təəccüblə qarşılanıb

Siyasət Materials 14 May 2017 11:04 (UTC +04:00)
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb.
Cəlil Xəlilov: ÜAK-ın ləğvinə cəhd hamı tərəfindən təəccüblə qarşılanıb

Bakı. Samir Əli - Trend:

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb.

Bunu Trend-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, ÜAK daim Azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir: "Uzun illər ərzində səmərəli iş aparan konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur".

C.Xəlilov deyib ki, Respublika Veteranlar Təşkilatı ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər: "Bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasının müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti