Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Rusiya parlamentlərarası komissiyası və dostluq qrupu kəskin mövqe bildirməlidir və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi qərarının dəyişdirilməsinə nail olmalıdır.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin deyib.
O qeyd edib ki, ÜAK ətrafında yaranmış vəziyyət Azərbaycanın rus sakinlərini narahat etməyə bilməz:
“Son dövrlərdə biz dəfələrlə Rusiyanın müxtəlif strukturlarına bu məsələ ilə bağlı müraciət etmişik. Azərbaycan kimi Rusiya da çoxmillətli ölkədir. Biz, Azərbaycanda yaşayan ruslar bu ölkənin rus mədəniyyətinə, dəyərlərinə və dilinə göstərilən hörməti yüksək qiymətləndiririk”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.