...

ÜAK Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıb

Siyasət Materials 10 İyul 2017 17:38 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb.
ÜAK Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıb

Bakı. Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı daha bir cinayət iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilib.

Qeyd olunur ki, hadisə nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva öldürülüb: "Dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara qarşı törədilən bu vəhşilik Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”.

Bəyənatda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda törədilmiş qanlı terror hadisəsinə də toxunulub, bu hadisə haqqında ətraflı məlumat verilib: "Ermənistan prezidenti Serj Sarkisyanın ifadəsi - “Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi sındıra bildik” - fikirlərinin bu ölkənin soyqırım və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.

“Biz, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayət hadisəsini qətiyyətlə pisləyir və ümid edirik ki, Rusiya Federasiyasının ictimai və siyasi təşkilatları narahatlığımızı bizimlə bölüşür. Bütün Azərbaycan xalqına, eləcə də cəbhədə həlak olmuş həmvətənlərimizin doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti