...

Dövlət Komissiyasının katibi: İntensiv hərbi əməliyyatlar dövrünə aid 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb

Siyasət Materials 1 Noyabr 2018 12:03 (UTC +04:00)
Hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Dövlət Komissiyasının katibi: İntensiv hərbi əməliyyatlar dövrünə aid 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Əsir və itkinlərlə bağlı problemin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılmış Dövlət Komissiyası Azərbaycanın qoşulduğu beynəlxalq humanitar hüquq normaları, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQKX) və digər aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində işləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə başlıca vəzifə kimi, dövlət və qeyri-hökumət təşkilatlarında olan məlumatlar toplanıb və 4 min nəfərlə bağlı ilkin siyahı tərtib edilib, müvafiq saxlanma yeri ayrılıb: "Əsir və girovların azad edilməsi və itkinlərin axtarışı prosesi mərkəzləşmiş şəkildə həyata keçirilib, BQXK və digər aidiyyəti beynəlxalq təşkilatlarla birgə görülən işlər nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilib, onlarla bağlı zəruri reabilitasiya işləri aparılıb".

Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə Komissiyanın qarşısında Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət əməllərinin araşdırılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması kimi yeni bir vəzifə müəyyən etdiyini bildirən İ.Axundov qarşıya qoyulmuş tələblərin icrası ilə bağlı azad edilmiş vətəndaşlarımızın video-ifadələrinin alınaraq arxivləşdirildiyini, ermənilər tərəfindən törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması məqsədilə “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar birgə istintaq-əməliyyat qrupu”nun yaradıldığını, hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

İ.Axundov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin təşkmilləşdirilməsi üzrə həyata keçirilmiş islahatlardan sonra bu sahədə vəziyyəti təhlil edərək ölkə rəhbəri tərəfindən müəyyən edilmiş vəzifələrin icrasını sürətləndirmək, işə sistemli yanaşmaq və prioritetlərin müəyyən olunması üçün İşçi qrupunun qarşısında bir sıra ciddi tələblər qoyulduğunu vurğulayıb.

Qeyd olunub ki, ilkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlara aid fotoşəkillər toplanıb və yenilənmiş bazalara əlavə edilib, fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üzün zəruri tədbirlər görülüb, axtarış-araşdırma, ekshumasiya və identifikasıya sahəsində beynəlxalq təcrübə öyrənilib. Həmçinin BQXK ilə imzalanmış çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin yaxın qohumlarından toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılması üçün Daxili İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb, dövlətimizin başçısının tapşırığı ilə əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələri əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr edilib və digər tapşırıqlar icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti