...

"Real" və "Müsavat"ın seçkiqabağı ziddiyyətli davranışları uğursuz taktikadan hələ də uzaqlaşa bilmədiklərini sübut edir - Ekspert

Siyasət Materials 4 Yanvar 2020 13:54 (UTC +04:00)
"Müsavat" və "Real"ın özlərini səhnədən silinmək təhlükəsində olmayan partiyalar kimi göstərmək niyyətləri aydın görünür.
"Real" və "Müsavat"ın seçkiqabağı ziddiyyətli davranışları uğursuz taktikadan hələ də uzaqlaşa bilmədiklərini sübut edir - Ekspert

Bakı. Samir Əli - Trend:

Fevralın 9-da parlament seçkilərinə qatılmaq qərarı vermiş bəzi ənənəvi boykotçu müxalifət qurumlarının bu addımı əvvəlki dövrlərlə müqayisədə irəliyə doğru hərəkət nümunəsi sayılsa da, seçki kampaniyasının gedişində müşahidə olunan bəzi davranışlar onların keçmişdəki uğursuz taktikadan hələ də tam uzaqlaşa bilmədiklərini sübut edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak edən "Müsavat" və "Real" partiyalarının siyasi-ideoloji fəaliyyətlərində bu xüsusiyyət özünü qabarıq göstərir: "Real" və "Müsavat" öz namizədlərini irəli sürərək seçkidə iştirak etməklə yanaşı, həm də seçkiqabağı mühitin bəzi elementlərini tənqid edir və bərabər seçki şəraitinin olmadığını iddia edirlər. İdeoloji platformadakı bu ziddiyyət "Müsavat" və "Real"ın əslində məntiqli və bitkin seçki platformasına malik olmadığını göstərir və "seçkiqabağı şərait demokratik deyildisə seçkiyı niyə qatıldınız" kimi sadə bir sualın məntiqi gücü qarşısında darmadağın olub gedir.

Seçkidə iştirak edən radikal müxalifət partiyalarının seçkiqabağı mühitin qeyri-bərabərliyi barədə iddialarındakı pərdəarxası hədəflər aydln başa düşülür. Əvvəla, "Müsavat" və "Real" Azərbaycanda ənənəvi olaraq bütün seçkiləri boykot etmiş partiyaların cəmiyyətdə sosial dayaqlarını sürətlə itirməkdə olduqlarını yaxşı bilir və seçkiyə qatılmaqla cəmiyyətin nəzərində radikal boykotçularla bir sırada olmadıqları kimi aldadıcı görüntü yaratmaq istəyirlər. Artıq sübut olunmuş reallıqdlr ki, özünü seçkilərdən kənarda qoyan istənilən radikal partiya siyasi səhnədən silinib getmək həddinə düşür. "Müsavat" və "Real"ın özlərini səhnədən silinmək təhlükəsində olmayan partiyalar kimi göstərmək niyyətləri aydın görünür.

İkincisi, "Real" və "Müsavat"ın həm seçkidə iştirakı, həm də seçkiqabağı mühiti qeyri-demokratik qiymətləndirməsi hər kəsin gördüyü aşkar ziddiyyətdir. Bu ziddiyyətli taktika onların öncədən görünən məğlubiyyətlərinin əsl səbəblərini ört-basdır etməyin üsullarından biridir. Konkret desək, hər iki partiya seçkidə məğlub olacaqlarını bilir və bu məğlubiyyətin illərdən bəri aparılan yanlış siyasətin, cəmiyyətdən uzaqlaşmağın və beynəlxalq dəstək əldə edə bilməməyin labüd nəticələri olduğunu gizlətmək istəyir, xalqa mesaj verilir ki, guya şərait qeyri-bərabər olduğundan layiq olduğumuz nəticəyə yetişə bilmədik.

Üçüncüsü, seçkiyə qatılan "Müsavat" və "Real"ın bir-birini inkar edən ikibaşlı taktika ilə seçkidə iştirakı beynəlxalq dairələrə demokratik görünmək üçün işə salınan növbəti uğursuz plandır. Beynəlxalq dairələr də, ictimaiyyət də fərqinə varır ki, illər boyu güclü demokratik qüvvə kimi tanına bilməyənlərin belə siyasi ritorik oyunlarla məqsədə çata bilməsi mümkünsüzdür".

Ekspert bildirir ki, ziddiyyətli və məntiqsiz seçki platformasının mahiyyəti aydın olduğu üçün bu platforma həmin qüvvələrin növbəti özünüifşa prosesinə çevrilir: "Həm seçkiyə getmək, həm də seçki mühitini ittiham etmək taktikasızlıq əlamətidir. "Müsavat" və "Real" seçkilərə qatılmaqla irəli getmək əvəzinə bu taktikasızlıq nəticəsində daha da tənəzzülə doğru gedirlər. Əslində 9 fevral seçkilərində iştirak etmək xüsusilə ənənəvi boykot partiyaları üçün yeni və bir qədər güclü mərhələyə keçmək üçün tarixi şans ola bilərdi.Görünən odur ki, "Müsavat" və "Real" bu şansları da artıq itirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti