...

Minskdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 11 May 2020 12:56 (UTC +04:00)
Minskdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyində anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsini yad ediblər.

Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışıb. Səfir Ulu Öndərin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi çətin proseslər barədə məlumat verib. Diplomat bildirib ki, Azərbaycan xalqı tarix boyu müstəqil dövlət qurmaq üçün mübarizə aparıb, zaman göstərdi ki yalnız dahi şəxsiyyətlər olduğu təqdirdə böyük məqsədlərə çatmaq mümkündür. Heç şübhəsiz ki, Azərbaycan xalqı üçün də bu şəxsiyyət ulu öndər Heydər Əliyev olub. Böyük siyasi və həyati təcrübəyə malik Heydər Əliyevin milli və ümumi maraqları bir araya gətirərək, tarixin verdiyi şansdan düzgün istifadə edərək milli dövlətin yaradılmasını təmin etdiyini vurğulayıb. Çətin və mürəkkəb zamanlarda regionda müxtəlif dövlətlərin maraqlarının uzlaşdırılması və bir araya gətirilməsinin dahi şəxsiyyətə xarakterik xüsusiyyət olduğunu bildirib. Heydər Əliyevin adının dünyanın ən güclü siyasətçiləri ilə bir arada çəkildiyini vurğulayıb. Daim dövlətinə və xalqına xidmət edən Heydər Əliyevin milli kimlik və mənsubiyyətini hər şeydən üstün tutduğunu söyləyib.

Səfir qeyd edib ki, müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Ulu Öndərin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan bütün SSRİ-də aparıcı respublikalardan birinə çevrilib.

Azərbaycanın müstəqil siyasi xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhkəm bünövrə üzərində qurulub. Heydər Əliyevin xarici siyasət kursunun və siyasi irsinin düzgün davam etdirilməsi nəticəsində Azərbaycan xalqı öz əzəli torpaqlarının azad edilməsinə yaxınlaşıb. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını azad olunması zərurəti ilə qarşı-qarşıya durub. Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən siyasi və iqtisadi strategiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrildiyini bildirilib.

Səfir belə bir zamanda qoyulan məqsədə çatmaq üçün ölkə rəhbərliyi ətrafında toplaşmağın zəruri olduğunu vurğulayıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti