...

44 günlük Vətən müharibəsi və yeni siyasi reallıqlar

Siyasət Materials 24 Dekabr 2020 14:14 (UTC +04:00)
44 günlük Vətən müharibəsi və yeni siyasi reallıqlar

Bakı. Trend:

44 gün davam edən və Azərbaycanın tarixi qələbəsi ilə nəticələnən Vətən Müharibəsi regionda tamamilə fərqli bir reallıq formalaşdırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, müharibənin əsas nəticələrindən biri Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaradılmasından ibarət oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, indi bir çox siyasi ekspertlər, təhlükəsizlik sahəsi üzrə mütəxəssislər bu yeni formatın yaranmasında Azərbaycanın fəal və düşünülmüş strateji yanaşmasının həlledici rol oynadığını xüsusi olaraq vurğulayır:

“Geosiyasi proseslər barədə az-çox məlumatı olan peşəkarlar haqlı olaraq qeyd edirlər ki, müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Ərazisinin işğal altında qaldığı 30 ilə yaxın bir müddət ərzində Azərbaycan dövləti dünya ictimaiyyətini münaqişənin tarixi və siyasi səbəbləri, Ermənistanın təcavüzkar siyasətinin məğzi barədə maksimum məlumatlandırmağa müvəffəq olmuşdu.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək yeni ştrixlər əlavə etdiyi xarici siyasət konsepsiyasının əsas hədəfi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ibarət idi. Proseslərin ümumi təhlili göstərir ki, ötən müddət ərzində münaqişənin həllinə dair Azərbaycanın xarici siyasəti iki mühüm prinsipin – diplomatiyanın gücü və gücün diplomatiyasının harmoniyasını yaratmağa hesablanmışdı. Əslində, bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə diplomatik səylərinin iki mərhələsi kimi də xarakterizə etmək olar. Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” tezisi bu iki prinsipin, yaxud mərhələnin başlıca məğzini çox dəqiq şəkildə ifadə edən yeni postulat kimi ön plana çıxmışdı.

Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, azərbaycanlıların etnik təmizləmə və soyqırıma məruz qalması həqiqətini qəbul etdirə bilmişdi. Bəzi ölkələr bu faktları öz siyasi maraqları kontekstində rəsmi şəkildə etiraf etməkdən çəkinsə də, ümumilikdə dünya ictimaiyyətində münaqişənin meydana çıxma səbəbləri barədə aydın təsəvvür formalaşdırılmışdı. Bu, nəticə etibarilə “diplomatiyanın gücü” prinsipinin uğurlu tətbiqinin məntiqi sonluğu idi. Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” tezisi Azərbaycanın xarici siyasətinin yeni taktiki parametrlərini müəyyən etdi. Hədəflər dəyişmədən, dünyanın və regionun dəyişən reallıqlarına, habelə Azərbaycan və Ermənistanın istinad etdikləri iqtisadi, siyasi, hərbi güc balansı arasında fərqin əhəmiyyətli dərəcədə böyüməsinə əsaslanan bu yeni yanaşma mahiyyət etibarilə həm də mümkün hərbi əməliyyatlara dünya ictimai rəyini hazırlamağa hesablanmışdı. Ermənistan qoşunların təmas xəttində və iki ölkənin dövlət sərhədində törətdiyi ardıcıl hərbi təxribatlarla Azərbaycanı “gücün diplomatiyası” tezisindən çəkindirməyə təşəbbüs göstərirdi. Lakin bu təşəbbüs əks effekt verdi, beynəlxalq ictimai rəydə Azərbaycanın yeni xarici siyasət taktikasının əsaslı olduğuna dair təsəvvürləri daha da gücləndirdi. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat – Azərbaycan ordusunun mövqelərini və dinc yaşayış məskənlərini atəşə tutması, rəsmi Yerevanın növbəti və həm də ən böyük siyasi səhvi oldu”.

Deputat vurğulayıb ki, müharibənin davam etdiyi 44 gün ərzində tarixin və beynəlxalq hüququn tamamilə Azərbaycanın tərəfində olması böyük güclərin, xüsusilə Ermənistanın himayədarı qismində çıxış etməkdən çəkinməyən dövlətlərin davamlı təzyiqlərinin uğursuz nəticələnməsini şərtləndirən mühüm amillərdən biri idi:

“Lakin buna nail olmaq üçün Azərbaycan çox uzun və çətin bir yol keçmişdi. Dünya ictimai rəyini münaqişənin real səbəblərinə inandırmaqla yanaşı, həm də onun indiki nəticələrinin (söhbət 27 sentyabradək olan nəticələrdən - status-kvodan gedir) bütün regionun gələcəyini təhdid etdiyinə dair ilkin təsəvvür yarada bilmişdi. Dünya güclərini siyasi təzyiqlərdən birbaşa açıq müdaxiləyə keçməkdən çəkindirən ən əsas məqam məhz bundan ibarət idi. Azərbaycan öz ərazisində suveren hüquqlarını təmin etmək, əhalisini qorumaq üçün hərbi təxribata cavab verməli olmuşdu. Prezident İlham Əliyevin uğurlu strategiyası artıq beynəlxalq aləmdə mövcud reallıqlara və hadisələrin hərbi məzmunlu mümkün inkişaf ssenarilərinə siyasi immunitet yaratmışdı.

Heç şübhəsiz ki, hərbi əməliyyatların gedişində xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri informasiya müharibəsi müstəvisində mübarizənin düzgün təşkil edilməsi ilə bağlı idi. Azərbaycan bu sahədə də fəaliyyətini uğurla qurmağa müvəffəq oldu. Mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrində çıxışları Azərbaycanın informasiya müharibəsində qələbəsini təmin edən həlledici amil idi. Müharibə aparan, öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq təzyiqlərə müqavimət göstərən, qarşı tərəfə dünyanın aparıcı güclərinin verdiyi açıq və gizli dəstəyin nəticələrini mümkün qədər neytrallaşdırmağa çalışan bir ölkə üçün dövlət başçısının beynəlxalq media ilə təmaslarının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini izah etməyə yəqin ki, ehtiyac yoxdur. Məhz Prezident İlham Əliyevin strateji düşüncə tərzi, zəngin dünyagörüşü, diplomatik məharəti Azərbaycanı sevməyən qüvvələrin aparıcı rol oynadığı xarici informasiya məkanında üstünlüyün əldə olunmasını təmin etdi. Həm də çox çətin, mürəkkəb şərtlərdə.

Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərini qəbul edərkən söylədiyi fikirlər əslində regionun mümkün siyasi perspektivlərinin təxmini konturları haqqında ilkin təsəvvür yaradır. Dövlət başçısının həmsədrlərin ünvanına söylədiyi haqlı tənqidlər Azərbaycan xalqının 30 illik səbrinin nəticəsiz qalmasından ümumxalq narazılığının ifadəsi olmaqla yanaşı, həm də yeni reallıqlarla barışmağa psixoloji hazırlıq üçün siyasi eyham kimi qiymətləndirilə bilər. Münaqişənin həll edilməsi Minsk Qrupunun fəaliyyətinə ehtiyacın olmadığı anlamına gəlir. Eyni zamanda, bu qrupda təmsil olunan iki dövlətin Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik formatının iştirakçısı olmaq imkanını itirdiyini göstərir.

Azərbaycan həmsədrlərin 30 il hər kəsi inandırmaq istədiyi “münaqişənin hərbi yolla həlli yoxdur” tezisini 44 gün ərzində darmadağın etdi. Bu artıq Cənubi Qafqazın tarixində yeni bir dövrün başlanması deməkdir. Bu yeni mərhələyə Azərbaycan güclü, sürətlə inkişaf edən, qüdrətli orduya malik qalib dövlət kimi, Ermənistan isə beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, hərbi potensialının 80 faizini itirmiş, öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə belə resursları çatmayan, heç bir iqtisadi perspektivi, gələcəyə ümidi olmayan məğlub ölkə kimi daxil olur. Regionda əsas söz sahibinin kim olacağı artıq hər kəsə məlumdur. Məlum olmayan yalnız Ermənistanın bu yeni dövrün reallıqlarını nə dərəcədə düzgün qiymətləndirəcəyidir. Bu, həm də Ermənistan üçün tarixi bir şansdır – yüzilliklər boyu özünü inandırdığı illüziyalardan əl çəkmək, əməkdaşlıq və inkişaf naminə, öz xalqının rifahı üçün keçmişə ilişib qalmamaq, gələcəyə dorğu addımlamaq üçün bəlkə də sonuncu şans”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti