...

Prezident İlham Əliyev diaspor fəaliyyətinin inkişafına və təşkilatlanmasına diqqət və qayğı ilə yanaşır - Elxan Riçard Sadiq-Zadə

Siyasət Materials 18 Aprel 2022 20:38 (UTC +04:00)
Prezident İlham Əliyev diaspor fəaliyyətinin inkişafına və təşkilatlanmasına diqqət və qayğı ilə yanaşır - Elxan Riçard Sadiq-Zadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yeganə ölkələrdəndir ki, diaspor fəaliyyətinin inkişafına və təşkilatlanmasına dövlət səviyyəsində dəstək göstərir. Prezident İlham Əliyev bu məsələlərə çox diqqət və qayğı ilə yanaşır.

Bunu Trend-ə Almaniyada yaşayan azərbaycanlı alim Elxan Riçard Sadiq-Zadə deyib.

O bildirib ki, Azərbaycan diaspor quruculuğuna ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra başlanıldı. O zaman həm Azərbaycanın maliyyə imkanları, həm də diasporanın özünün imkanları məhdud olsa da, Heydər Əliyev ABŞ-da da, Avropa ölkələrində də diaspora nümayəndələri ilə görüşüb, onlara diaspora fəaliyyətinin vacibliyini bildirirdi.

“Diasporaya Azərbaycanın dövlət qayğısı o zamandan başlamışdı, imkanların çox məhdud olduğu bir dövrdə, o cümlədən, internetin və media resurslarının bugünkü səviyyədə inkşaf etmədiyi bir vaxtda Heydər Əliyev diaspora fəaliyyətinin əsasını qoymuşdu və bu fəaliyyətin nə qədər vacib olduğunu göstərmişdi.

Digər sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğunda da ümummilli lider Heydər Əliyevin böyük rolu oldu. İndi Azərbaycan diasporu xeyli inkişaf edib, ancaq diasporanın əsası məhz o zaman, çətin dövrdə Heydər Əliyev tərəfindən qoyulmuşdu. O zamandan da Azərbaycan diasporu güclənir, inkişaf edir”, - deyə E.Sadiq-Zadə bildirib.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsidə Azərbaycan diasporu inkişaf edir və dövlətin mənafeyinə uyğun fəaliyyət göstərir.

“Burada Diasporla İş üzrə Dövlət Komitəsi mühüm təşkilatçı rolu oynayır, bu fəaliyyəti səfərbər edir. Azərbaycan yeganə ölkələrdəndir ki, diaspor fəaliyyətinin inkişafına və təşkilatlanmasına dövlət səviyyəsində dəstək göstərir. Dövlət başçısı cənab İlham Əliyev bu məsələlərə çox diqqət və qayğı ilə yanaşır”, - deyə E.Sadiq-Zadə əlavə edib.

Dünya Azərbaycanlılarının V Qurultayının əhəmiyyətinə toxunan E.Sadiq-Zadə bildirib ki, bu, diaspor təşkilatları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

“Bu qurultay, eyni zamanda, dövlətin diasporaya etibarının bir təzahürüdür. Dünya Azərbaycanlılarının Qurultayı artıq ənənəvi hal alıb. Məlumdur ki, Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Ondan sonra bu qurultaylar müntəzəm olaraq keçirilməkdə davam edir. Artıq V qurultayın keçirilməsinə hazırlaşırıq. Bu qurultayın əhəmiyyətini yüksək qiymətləndirirəm.

Bu qurultay dünya azərbaycanlılarını yüksək səviyyədə bir araya toplayır. Hesab edirəm ki, bizim bir araya gəlməyimiz öz aramızda olan əlaqələri daha da möhkəmləşdirir və şəbəkələşdirir, eləcə də diaspor üzvlərinin fəaliyyətinin səfərbər olmasında çox böyük rolu var. Bu, birmanalı şəkildə diaspora nümayndələrinə Azərbaycan dövlətinin qayğısıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti