...

Azərbaycanın diaspor siyasəti müsbət mənada fərqlənir - RƏY

Siyasət Materials 6 İyul 2022 19:45 (UTC +04:00)
Azərbaycanın diaspor siyasəti müsbət mənada fərqlənir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bütün sahələdə uğurla reallaşdırılan siyasət həyata keçirən Azərbaycanın diaspor siyasəti də müsbət mənada fərqlənir. Ümumiyyətlə, Azərbaycan o ölkələrdəndir ki, diaspora siyasətinə xüsusi önəm verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda diaspor siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Azərbaycanda diaspor quruculuğunun banisi ümummilli lider Heydər Əliyevdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb, 5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb”.

Sözügedən fərmanın imzalandığı ötən 20 il ərzində mühüm işlərin görüldüyünü deyən V.İskəndərovun sözlərinə görə Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu diaspor siyasətini uğurla davam etdirir: “Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib”.

“Eyni zamanda, Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu, istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib”, - deyə V.İskəndərov bildirib.

O da qeyd olunub ki, ölkəmiz diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsini də diqqətdə saxlayır: “Məhz bu məqsədlə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb. Hər il diaspor gənclərinin yay düşərgəsi, həmçinin, müxtəlif toplantıları keçirilir. Bir sözlə, Azərbaycan dövləti diaspor siyasətini ön sıralarda tutur və bununla bağlı davamlı addımlar atır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti