Bakı. Trend:
İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan Qayıdış Konsepsiyası çox mühüm sənəddir və soydaşlarımızın geri qayıtması ilə bağlı bütün vacib məqamları özündə əks etdirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, soydaşlarımızın öz ata-baba yurdlarına geri dönməsində təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. “Bu baxımdan konsepsiyada qeyd olunduğu kimi indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”, - deyə deputat bildirib.
Deputat vurğulayıb ki, soydaşlarımızın gedi dönməsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir. “Konsepsiyaya qeyd olunur ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlamağa çalışacaq. Əlbəttə burada Ermənistan da beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Hesab edirəm ki, bu məsələdə beynəlxalq təşkilatlar da öz üzərinə düşən öhdəliyi yerinə yetirməli, soydaşlarımızın geri dönmək hüquqlarının təmin edilməsində lazımi addımları atmalıdırlar çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur”, - deyə A.Həsənova qeyd edib.
A.Həsənova bildirib ki, Konsepsiyada əksini tapmış digər bir mühüm məsələ soydaşlarımızın mülkiyyət hüququnun təmin edilməsidir. “Burada da məsuliyyət Ermənistanın üzərinə düşür. Azərbaycanlılara məxsus mülkiyyət və torpaqlar öz sahiblərinə geri qaytarılmalıdır. Ermənistan hökuməti bu hüququ təmin etməli və soydaşlarımızın mülkiyyətinə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir”, - deyə deputat əlavə edib.
O vurğulayıb ki, mühüm məsələlərdən biri də mədəni irsin qorunması və pərpasıdır. “Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir.
Bu ədalətsizliyə son qoyulmalıdır və konsepsiyada qeyd olunduğu kimi BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısı hazırlanmalıdır. soydaşlarımızın öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi və insani haqqıdır. Biz hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni etməliyik”, - deyə deputat bildirib.