...

Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir - Sevinc Fətəliyeva

Siyasət Materials 19 Yanvar 2024 11:11 (UTC +04:00)
Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir - Sevinc Fətəliyeva
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir. Sənəd qətiyyən reallığı əks etdirmir və tamamilə əsassızdır. Senatın qəbul etdiyi qətnamə Fransada Azərbaycanafob, iqri ayrlseçkiliyinin açıq-aşkar nümayişidir. Özünü “demokratiyanın beşiyi” adlandıran və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa parlamentinin bu qətnaməsi beynəlxalq hüququn açıq-aşkar tapdanması, işğalçılıq siyasəti yürütmüş Ermənistanın və erməni separatçılarının dəstəklənməsi isə hərbi cinayətlərə şərik olmaq deməkdir.

Bu fikirləri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sənədin Senatda müzakirə olunması zamanı Fransanın yeni təyin olunmuş Avropa və Xarici İşlər naziri Stefan Sjurnenin çıxış etməsi, “fəxri qonaq” qismində isə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və separatçıların Fransadakı nümayəndəsi Hovhannes Gevorgyanın da iştirak etməsi Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizliyi nümayiş etdirir. Bu fakt Ermənistanla Fransanın Cənubi Qafqazda sülh istəklərinin yalan və qeyri-real olduğunu göstərir.

Millət vəkili xatırladıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitdikdən sonra Fransanın hər iki palatası ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Bütün bunlar onu göstərir ki, Fransada Azərbaycanın hədəfə alınması dövlət səviyyəsində həyata keçirilir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizm törədib. Amma Fransa heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. Bütün bunlar, o cümlədən Fransa parlamentində qəbul olunmuş qətnamələr Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur.

“Hazırda Fransa gerçək simasını nümayiş etdirir. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməyəcəyini bir daha təsdiqləyir. Artıq Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi məsələ ilə bağlı bəyanat verib. Bəyanatda Fransa Senatının qətnaməsi kəskin pislənilib və Azərbaycan Hökümətinə Fransa ilə münasibətlərə dair təkliflər verib. Fransa Senatının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk. Bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentinin təxribatçı addımları, Parisin Ermənistanı silahlandırması Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Fransa öz tarixində insanlığa qarşı çoxsaylı cinayətlər törədib və bu gün də bir sıra Afrika xalqlarını öz müstəmləkəsi altında saxlamağa çalışır. Paris ilk növbədə bu cinayətlərin hesabını verməlidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti