"Mən ümid edirəm ki, "İnformasiya əldə etmək haqqında" qanun kimi, "Diffamasiya haqqında" qanun da Azərbaycanda gec-tez qəbul olunacaq". Bu fikirləri Trend ə açıqlamasında Azərabycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Qeyd edək ki, oktyabrın 10-da "Yeni Nəsil" Jurnalistlər Birliyi və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Diffamasiya haqqında" qanun layihəsinin müzakirələrinə həsr olunmuş toplantı keçirilib, sonda hökumət bu qanunun indiki mərhələdə qəbulunu məqbul saymayıb.
Qeyd edək ki, "Diffamasiya haqqında" qanun layihəsi Cinayət Məcəlləsindən 147, 148, 323-cü maddələrin (böhtan, təhqir və prezidentin şərəf və ləyaqətinin alçaldılmasına görə cinayət məsuliyyətinə cəlb olunma) qüvvədən salınmasını nəzərdə tutur. İşgüzar nüfuzun müdafiəsi məqsədilə KİV-ləri məhkəməyə verməyi qadağan edir.
Əflatun Amaşov bildirib ki, bu qanun Avropa Birliyi ölkələrində qəbul edilib. Şərqi Avropa ölkələrinin əksəriyyətində isə bu təcrübədən istifadə edilmir: "Mən bu yaxınlada Sofiyada keçirilən beynəlxalq konfransda iştirak etdim və orada Avropa ölkələrinin media sahəsinə dair qanunları müzakirə olundu. Məlum oldu ki, Şərqi Avropa ölkələrinin əksəriyyətinin qanunvericiliyi təhqir və böhtana görə jurnalistlərin həbsini nəzərdə tutur. Sonda qərara gəlindi ki, Avropa Şuasının, ATƏT-in nümayəndələri bu ölkələrin rəhbərlərinə müraciət etsinlər ki, öz ölkələrinin qanunvericiliyinə dəyişiklik etsinlər".
Ə.Amaşov bildirib ki, "Diffamasiya Haqqında" qanun layihəsini, yəni, şəfər və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətiilməsi məsələlərini Milli Məclisin deputatları ilə müzakirə edib. Onun sözlərinə görə, millət vəkilləri indiki şəraitdə bu qanunun qəbul olunmasının əleyhinədirlər: "Mənim fikrimcə, parlamentdə deputatların böyük əksəriyyəti bu qanun layihəsini dəstəkləməyəcək. Amma ümidvadam ki, nə vaxtsa bizdə də bu qanun qəbul olunacaq. Çünki "Diffamasiya haqqında" qanun layihəsi çox mükəmməl bir sənəddir"-deyə Ə.Amaşov vurğulayıb.
O əlavə edib ki, Mətbuat Şurası yarandığı vaxtdan bəri 750-ə yaxın şikayət qəbul edib və araşdırıb. Onlardan təxminən 730-a yaxını diffamasiya məsələləri ilə bağlı olub: "Şikayətələrə baxılmasından sonra 50 dəfəyə yaxın qəzetdə təkzib verilməsi, 40 dəfəyə yaxın şikayətçi tərəfin mövqeyinin qarşı tərəfdə işıqlandırılması, 230 dəfədən çox tərəflər arasında barışığa çağırılması barədə, 100 dəfəyə yaxın isə konkret qərarlar qəbul etmişik. Bu problemlərin yaranmasının bir səbəbi də ictimai qınağın hələ yetərincə olmamasıdır. Həmçinin məhkəmələrin qərarları da birmənalı deyil və bəzən ədalətsiz olur. Mətbuat isə özündə şəffaflıq yaratmalı, gəlirləri barədə məlumat verilməlidir".