...

Səyavuş Novruzov: "Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutacağına inanmıram"

Siyasət Materials 1 Noyabr 2006 10:10 (UTC +04:00)
Səyavuş Novruzov: "Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe tutacağına inanmıram"

Müsahibimiz hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzovdur.

- 2008-ci il prezident seçkilərini boykot etmək barədə bəzi siyasi qüvvələr fikirlərini indidən açıqlayırlar. Sizin bu proseslərə münasibətiniz necədir?

- Siyasi partiya hər hansı bir seçkidə iştirak edib mübarizə aparmalı, elektoratını, hədəflərini müəyyənləşdirməlidir. Qarşısına qoyduğu məqsədə çatmaq uğrunda planlı şəkildə iş aparmalıdır. Əgər partiya seçkidə iştirak etmirtsə, onun funksiyası nədən ibarət olmalıdır? Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar seçkilərdə iştirak etməməklə elektoratlarını tamamilə itiriblər. Onlara bir neçə faiz seçici səs verəcəkdisə, bundan da məhrum olurlar. Seçkiləri boykot qərarının özü müxalifət partiyalarının daxilində ciddi ziddiyyətlər yaradır və nəticədə partiya süqut edir. Yəni partiyada islahat getmir, struktur dəyişikliyi aparılmır, partiya bir şəxsin iradəsinə tabe olur. Bu zaman hər hansı demokratik prosesdən söhbət gedə bilməz.
Digər tərəfdən, seçkiləri boykot etmək üçün kifayət qədər güc lazımdır. Müxalifət boykotu yalnız elan etməklə funksiyasını bitmiş hesab etməsin. Politoloji nöqteyi-nəzərdən götürsək, bu, yanlış düşüncə tərzidir. I Dumaya seçkilər dövründə Bolşeviklər Partiyası prosesi boykot etmişdi. Ona görə də Duma vaxtından əvvəl buraxıldı. Burjua-demokratik inqilabından sonra, yəni 1905-07-ci llərdə əhalidə inqilabçılıq ruhu sönən vaxtda yenə də bolşeviklər tərəfindən məsələ qaldırıldı ki, II Dumaya seçkilər boykot edilsin. Bu zaman Lenin çıxışında bildirdi ki, I Dumanı boykot edəndə bolşeviklərin gücü var idi, indi isə həmin güc yoxdur. Biz çalışmalıyıq ki, seçkilərdə iştirak edib müəyyən yerlər əldə edək. Bizim müxalifət də bolşeviklərdən ibrət dərsi götürməlidir.
Bu gün müxalifət nəinki seçkini boykot etmək gücündədir, ümumiyyətlə, heç bir fəaliyyət proqramı olmayan qüvvəyə çevrilib. Onların boykot barədə fikirləri mənasızdır. Bu ondan irəli gəlir ki, onlar namizədlərinin biabırcasına uduzacağına əvvəlcədən əmindirlər. Aparılan rəy sorğuları göstərir ki, prezident İlham Əliyev növbəti seçkilərdə əvvəlki seçkidən daha çox səs toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti olacaq. Adətən seçkilər öncəsi prezidentlər haqqında rəy sorğusu keçiriləndə nəticə göstərilir. Tutalım, rəyi soruşulanların 56-60 faizi ABŞ prezidenti C.Buşun tərəfdarı idisə, seçkidən bir müdldət sonra bu faiz 40-35-ə endi. İlham Əliyevin reytinqi ilə bağlı isə bu proses əksinə olub. Seçki vaxtı 76 faiz idisə, seçkidən sonra bu göstərici 90 faizə çatdı. Bu rəy ABŞ-ın Respublikaçılar İnstitutu tərəfindən keçirilən sorğular əsasında göstərilib.
Hər bir partiya daxilində islahatlar aparmalıdır. Bunsuz partiyanı yaşatmaq mümkün deyil. Yeni nəsillərə yol verilməlidir, fəaliyyət göstərmək üçün onlara şərait yaradılmalıdır. YAP dəfələrlə bu məsələdə nümunə göstərib. Yenə ABŞ təcrübəsindən misal çəkmək istəyirəm. Corc Buş ilk dəfə prezident seçiləndə rəqibi Albert Qor idi. Xeyli də səs toplamışdı. Amma ikincim seçkidə Qorun partiyası artıq onu yox, başqa bir namizədi - Con Kerrini prezidentliyə namizəd irəli sürdü. Yəni seçkinin növbəti prosesində yeni güc ortaya çıxdı. Bizdə isə daim eyni namizədlərdir. Onlar dəfələrlə uduzmalarına baxmayaraq geri çəkilmirlər.

- "Siyasi partiyalar haqqında" qanunun bəzi tələbləri mütammadi pozulsa da, hakimiyyət buna reaksiya vermir. Bunu nə ilə izah edə bilərsiniz?

- Əslində burada bir boşluq var. Bu ondan ibarətdir ki, kim bunları məhkəməyə təqdim etməlidir. Ümumilikdə götürəndə bu məsələ Ədliyyə Nazirliyi tərəfindən nəzarətə götürülməlidir. Məhz buna görə "Siyasi partiyalar haqqında" qanunda boşluqların aradan qaldırılması üçün sənədi yenidən hazırlamalıyıq. Hesab edirəm ki, sənəddə bir neçə müddəa yox, ümumilikdə sistemili dəyişiklik olunmalıdır. Çünki bu qanundan sonra 1995-cı ilin noyabrında Konstitusiya və 2003-cü ildə Seçki Məcəlləsi qəbul edilib. Sənəd bu iki qanuna uyğunlaşmalıdır. Partiyanın yaranması və formalaşmasından başlamış seçkilərdə iştirakı və maliyyə mənbələrinə qədər bütün müddəalar müasir standartlara cavab verməlidir. Əsas məqsədimiz Avropaya inteqrasiya etməkdirsə, partiyalarımız da fəaliyyətini, strukturunu Avropa standarlarına uyğun qurmalıdır. O cümlədən, siyasi partiyaların fəaliyyətinin qapadılması məsələsinə də diqqət yetirilməlidir. Məsələn, Türkiyənin Fəzilət Partiyası cəmiyyət tərəfindən dəstək almasına baxmayaraq konstitusiyaya zidd fəaliyyət göstərdiyinə görə bağlandı. İspaniya və digər dövlətlərdə partiyalar dövlət proqramından kənarda fəaliyyət göstərirsə, qapadılır.

- Partiyaların maliyyə şəffaflığını qanunla necə tənzimləmək olar?

- Mənə elə gəlir ki, bunun ən gözəl nümunəsi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsidir. Dövlət büdcəmiz artıq 6 milyard ABŞ dollarından artıqdır. Bu da imkan verir ki, partiaylar dövlət tərəfindən müəyyən miqdarda maliyyələşdirilsin. Bu məsələ həllini taparsa, artıq onun şəffaflığının təmin olunması da dövlətin müvafiq strukturları tərəfindən həyata keçiriləcək. Bu ilk növbədə siyasi partitayların xaricdən, yaxud xarici kəşfiyyat orqanları tərəfindən maliyyələşməsinin qarşısını alacaq. İldə bir dəfə siyasi partiya ictimaiyyətə, müvafiq strukturlara maliyyə vəsaitinin hansı ünvanlara xərcləndiyi ilə bağlı hesabat verməlidir. Bu məsələ QHT-lərə də aid edilməlidir.

- Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının yenidən formalaşması məsələsi də gündəmdədir. Sizin bu məsələlərlə bağlı mövqeyiniz necədir?

- Praktiki olaraq deyə bilərəm ki, Seçki Məclləsində müvafiq çatışmazlıq var. Tutalım ki, 4 ay ərzində ölkədə parlament seçkilərini həyata keçiririksə, Polşada bu müddətdə həm parlament, həm də prezident seçkiləri keçirilir. Məcəllədə göstərilən bu müddət həddindən artıq çoxdur. Bu müddət insanları siyasi gərginlik altında saxlamaq funksiyası daşıyır. İki ay müddətinə namizədin irəli sürülməsi, qeydiyyatdan keçməsi, iki ay müddətində də təbliğat-təşviqat kampaniyasının aparılması çox böyük vaxtdır. ABŞ-da iki ay müddətində təbliğat-təşviqat kampaniyası yoxdur. Bizdə üç növ - prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Üst-üstə hazırlıq prosesi bir il edir. Beş ildən bir keçirilən bu seçkilərin bir ili seçkiyə hazırlığa həsr olunur. Məcəllədə digər məqamlar da var ki, orada islahatlar aparılmalıdır. Məsələn, seçki qərargahlarının yaradılması. Bu gün hər bir partiya özünün seçki qərargahını yaradır. Lakin bu qərargahların hüquqi statusunun əsaslandırılması Məcəllədə öz əksini tapmayıb. Düzdür, Məcəllədə səlahiyyətli nümayəndələrin olması göstərilir. Lakin ümumilikdə struktur, buna cavabdehlik daşıyan şəxs, gələcəkdə məhkəmə çəkişmələrində hansı formada iştirak edilməsi göstərilməyib. Mənim fikrimcə, bizdə seçki komissiyaları daimi əsasla olmalıdır. Yəni hər dəfə strukturu dəyişmək vaxt aparır. ABŞ-ın bəzi ştatlarında olduğu kimi ştatlı işçilər olmalıdır. Bu həm də komissiya üzvlərinin seçki təcrübəsinin qorunub saxlanmasına da köməklik edər.

- Azərbaycanın Cənubi Qafqaz PA Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri kimi nə deyə bilərsiniz, qurumda Dağlıq Qarabağ məsələsinin müzakirəsi hansısa effekt verirmi?

- Üç ildən artıqdır ki, bu qurum fəaliyyət göstərir. Daim Dağlıq Qarabağ məsələsini qurumun sessiyalarında müzakirəyə çıxarırıq. Bu məsələ ilə bağlı təkliflərimizi hər dəfə prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinə göndəririk. Görüşlərimiz, qəbul etdiyimiz qərarlar, gələcək perspektivlər barədə fikirlərimizi XİN-ə və digər strukturlara təqdim edirik. Qəbul olunan bütün qərarlarda, müzakirə edilən bütün məsələlərdə Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll edilməyənədək Azərbaycanın Ermənistanla heç bir əməkdaşlıq etməyəcəyini göstərmişik.
Müzakirələrdə hər bir tərəfdən on millət vəkili iştirak edir. Ermənistan parlamentarilərinin əksəriyyəti bu məsələnin tezliklə sülh yolu ilə həll olunmasını istəyirlər. Düzdür, bu problem nəticəsində Azərbaycan ərazisini itirib, qaçqın və köçkün ordusu ilə üzləşib və s. Amma bu müddət ərzində Ermənistana Azərbaycandan daha çox ziyan dəyib. Əhali Ermənistanı tərk edir, kəndlər, rayonlar boşalır. Qarşılıqlı kommunikasiyanın olmaması, daimi müharibə təhlükəsi onlarda problem yaradır. Azərbaycanın apardığı iqtisadi layihələrdə Ermənistanın iştirak etməməsi və s. məsələlər də bu ölkəni ağır iqtisadi vəziyyətə salıb. Ermənistan var qüvvəsi ilə çalışır ki, nə yolla olursa olsun kommuniskasiya bərpa olunsun. Lakin Azərbaycanın bu məsələdə qəti mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi ərazi bütövlüyümüz çərçivəsində həll olunmayanadək Ermənistanla heç bir əlaqədən söhbət gedə bilməz.

- NATO PA-nın Cənubi Qafqaz, eyni zamanda Azərbaycanla bağlı hazırladığı məruzədə rəsmi Bakını qane etməyən məqamlar hansılardır?

- Çox məqam var. Ümumiyyətlə, məruzədə Azərbaycanın işğal olunan əraziləri 20 deyil, 13 faiz göstərilib, rayonların adları düzgün göstərilməyib. Demək olar ki, məruzədə Azərbaycanla bağlı ziddiyyətli məqamlar çoxdur. NATO-Azərbaycan münasibətləri məruzədə çox pis şəkildə təqdim edilib. Bu il Azərbaycanın silahlı qüvvələri, sərhəd qoşunları, daxili qoşunları tərəfindən NATO proqramlarında iştirak Gürcüstan və Ermənistandan iki dəfə artıqdır. Bu, NATO-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. NATO PA-nın alt komitəsinin sədri Vahid Ərdəm oktyabrın 15-də Bakıya səfəri çərçivəsində bu məsələ ilə bağlı bütün qeydlərini apardı. Hətta Parisdə də bu məsələni müzakirə etdik və Cənubi Qafqaz ölkələri üzrə məruzəçi Frenk Kuk bildirib ki, həqiqətən də məruzədə çatışmayan cəhətlər çoxdur. O, regiona səfər etdikdən sonra məruzə üzərində yenidən işləniləcək. Bu məsələ qurumun noyabrda Kanadada keçiriləcək qış sessiyasında bir daha müzakirə olunacaq.

- Bəzi millət vəkilləri Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması təklifi ilə çıxış edib. Ümumiyyətlə, Minsk Qrupunun fəaliyyətinə necə qiymət verirsiniz?

- ATƏT bu vaxtadək Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Baxmayaraq ki, Avropa Şurasının, BMT-nin bu məsələ ilə bağlı müvafiq qətnamələri var. Avropanın yüz illərlə yaratdığı dəyərlərin əleyhinə çıxış etmiş Fransa parlamenti Türkiyəyə qarşı qondarma erməni soyqrımı ilə bağlı qərar qəbul edirsə, ondan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı ədalətli qərarı gözləmək olar. İkinci bir tərəfdən, GUAM-a daxil olan ölkələrin ərazisində münaqirşələrin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında məsələnin müzakirəsi zamanı ATƏT-in Minsk Qrupunun iki həmsədr dövləti - Rusiya və Fransa bunun əleyhinə səs verib. Prezidentlərin Fransada Rambuye danışıqları zamanı rusiyalı həmsədrin tutduğu mövqeyi açıq şəkildə göstərdi ki, onlar tərəfkeşlik edirlər. Ona görə də bu qurumun Dağlıq Qarabağ probleminin həllində hər hansı ədalətli mövqe tutacağına inanmıram.

- Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində müzakirə olunub. Amma cəmiyyətin bəzi təbəqələri bu faciənin Azərbaycanın Milli Məclisində müzakirə olunmadığını və soyqırım kimi tananmadığını iddia edir...

- Bu, yanlış fikirdir. Xocalı soyqrımı ilə bağlı 1994-cü ildə Milli Məclisdə qətnamə qəbul edilib. Hər il parlamentdə bu faciə ilə bağlı müəyyən sənədlər qəbul edilir və bütün dünya parlamentlərinə göndərilir. Eyni zamanda Xocalı soyqrımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən bir neçə dildə nəşr edilən materiallar bütün dünyaya göndərilir. Bütün səfirliklərdə bu faciə ilə bağlı guşələr açılıb.
Bu faciənin daxildə yox, daha çox xaricdə tananmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti