...

Əmlak Komitəsinin AXCP, "Azadlıq" qəzeti və digər qurumlara qarşı iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib

Siyasət Materials 14 Noyabr 2006 14:09 (UTC +04:00)

Noyabrın 13-də 1 saylı İqtisad Məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin AXCP, "Azadlıq", "Bizim yol" qəzetləri, "Turan" İnformasiya Agentilyi, "Gənc nəsil" Jurnalistlər Birliyi, Demokratiyanın İnkişafı Fondu adlı qurumlara qarşı qaldırdığı iddia ilə bağlı hazırlıq iclası keçirilib. Trend in məlumatına görə, hakim Ülvi Mayılovun sədrliyi ilə keçən iclasda iddiaçı və cavabdeh tərəflər ərizə və qarşılıqlı iddialarını təqdim ediblər.

Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclası təxirə salınmışdı. Bugünkü prosesdə tərəflər öz iddialarını irəli sürdülər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının, "Azadlıq" qəzetinin və digər qurumların qərargahlarının Xaqani küçəsi 33 ünvanındakı binadan çıxmalarını tələb edir. Həmin qurumlar isə qarşılıqlı iddia qaldıraraq məhkəmədən Dövlət Komitəsinin üzərinə həmin təşkilatlarla icarə müqaviləsi bağlaması vəzifəsinin qoyulmasını tələb edirlər.

Hazırlıq iclasında hakim tərəflərə barışıq sazişi bağlamağı təklif edib, həm iddiaçı, həm cavabdeh tərəflərin nümayəndələri buna etiraz etməyiblər. Hakim növbəti məhkəmə iclasını 24 noyabr saat 14.30-a təyin edib.

Cavabdeh tərəfi məhkəmədə təmsil edən hüquqşünas Tofiq Quliyev bildirib ki, əgər qarşılıqlı şərtlər müəyyənləşdirilərsə və bu, hər iki tərəfi qane edərsə, Dövlət Komitəsi ilə cavabdehlərin arasında barışıq əldə olunması mümkündür.

Xəbər lenti

Xəbər lenti