...

Azərbaycanın birinci xanımının Cenevrəyə səfər proqramı elan olunub

Siyasət Materials 15 May 2007 16:55 (UTC +04:00)
Azərbaycanın birinci xanımının Cenevrəyə səfər proqramı elan olunub

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 17-18 mayda səfərlə Cenevrədə olacaq. Bu barədə çərşənbə axşamı telefon vasitəsilə Berndən Azərbaycanın İsveçrədəki səfiri, BMT-nin Cenevrə şöbəsində və beynəlxalq təşkilatlarda daimi nümayəndəliyin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Səfirin qeyd etdiyi kimi, birinci xanım Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik iclasında iştirak edəcək. Sessiya çərçivəsində ÜST-in bir sıra nominasiyalarda mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Heydər Əliyev Fondunun prezidentinə ÜST-nin "Ana, körpə və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" nominasiyasında mükafat təqdim olunacaq, deyə səfir məlumat verib.

Cenevrədə Mehriban Əliyeva təşkilatın rəsmi şəxsləri və digər iştirakçı dövlətlərin iclasdakı nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. Səfirin sözlərinə görə, Azərbaycanın birinci xanımının ÜST-in baş direktoru Marqaret Çen və BMT-nin Cenevrə şöbəsinin baş direktoru Sergey Orcanikidze ilə görüşləri planlaşdırılıb.

Heydər Əliyev Fondunun prezidenti həmçinin BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan otağının açılışı mərasimində iştirak edəcək. Səfər çərçivəsində birinci xanımın şərəfinə gecə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti