...

Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 92-ci ildönümü ilə bağlı jurnalist yazıları müsabiqəsi elan olunub

Cəmiyyət Materials 5 Avqust 2010 13:17 (UTC +04:00)
Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 92-ci ildönümünə həsr olunmuş jurnalist yazıları müsabiqəsi elan edilib.
Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 92-ci ildönümü ilə bağlı jurnalist yazıları müsabiqəsi elan olunub

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/

Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 92-ci ildönümünə həsr olunmuş jurnalist yazıları müsabiqəsi elan edilib. Bu barədə cümə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib.

"Bakının azad edilməsi təkcə Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. Bu hadisə həm də Türkiyə-Azərbaycan dostluğunun bariz nümunəsidir. Bununla bağlı TUMİB bir sıra tədbirlər həyata keçirəcək. Bu əhəmiyyətli hadisəyə ictimaiyyətin diqqətini daha çox cəlb etmək üçün jurnalist yazıları müsabiqəsi elan etmişik. Müsabiqənin vaxtı avqustun 5-dən sentyabrın 5-nə qədər müəyyənləşib. Müsabiqədə birinci yeri tutana 150 manat, ikinci yerə 100 manat, üçüncü yerin sahibinə isə 50 manat məbləğində pul mükafatı veriləcək", - Bayramov əlavə edib.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikası Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı dövlətinin Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak-erməni və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

Tarixçi-alim Musa Qasımov Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb.

"Bakının azad edilməsi ilə Azərbaycanın paytaxtı müvəqqəti paytaxt olan Gəncədən əbədi və əzəli paytaxt Bakıya köçürüldü. Bakıda ermənilər tərəfindən Azərbaycan türklərinin soyqırımına son qoyuldu", - Qasımov deyib.

Onun sözlərinə görə, Qafqaz İslam Ordusunun Bakıya gəlişi ilə şəhərdə tolerantlıq da bərpa olunub.

"Nuru Paşanın komandanlıq etdiyi orduda belə bir qərar var idi ki, Bakıda dinindən, dilindən, milliyyətindən və irqindən asılı olmayaraq, hər kəs bərabər hüquqda yaşamaq hüququna malikdir. Bu qərar Bakıda tolerantlığın yenidən bərpa edilməsinə səbəb olmuşdu", - tarixçi-alim bildirib.

Xəbər lenti

Xəbər lenti