...

Azərbaycan ərazisində yer qabığında yeni çatlar əmələ gəlib - AMEA

Cəmiyyət Materials 1 Aprel 2011 14:13 (UTC +04:00)
Azərbaycan ərazisində yer qabığında yeni çatlar əmələ gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib.
Azərbaycan ərazisində yer qabığında yeni çatlar əmələ gəlib - AMEA

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ərazisində yer qabığında yeni çatlar əmələ gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib.

Onun sözlərinə görə, bu çatlar mart ayının əvvəllərində aşkar olunub.

"Mart ayının əvvəllərində Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri bu prosesi izləyib bizə məlumat veriblər. Biz də öz növbəmizdə prosesi araşdırmışıq. FHN-ə daxil olan məlumatda bildirilmişdi ki, binaların bəzilərində çatlar əmələ gəlib. Bunun nəticəsində bu proses aşkarlanıb", - Qədirov əlavə edib.

O bildirib ki, həmin çatlar hazırda inkişaf edib uzanır.

"Bu qırılmalar Salyandan Hacıqabul rayonuna qədər gəlib çatıb. Bu prosesin nəticəsində bəzi yerlərdə yeni palçıq vulkanları peyda olub və Hacıqabul ərazisində ard-arda 3 və ya 5 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb. Bu proses hələ də davam edir", - Qədirov bildirib.

Onun sözlərinə görə, bu prosesi daha dərindən izləmək üçün ölçü yerlərinin sayını artırmaq lazımdır.

"Ölçü yerlərinin sayını artırsaq, bilərik ki, bu çat hansı tərəfə istiqamətlənir. Bütün nəzəri tədqiqatlar onu göstərir ki, yarılma Abşeron tərəfə hərəkət edə bilər. Bizim də qorxumuz buna görədir", - o deyib.

Qədirov yer daxilində baş verən proseslərin səbəbindən də danışıb.

"Ərəbistan yarımadasının təsiri ilə yer qabığının 15 kilometr qalınlığında olan bir hissəsində horizontal hərəkət gedir. Yer piltələrində komponentlərin hərəkət sürəti hazırda 6 mm-dən sıfıra qədərdir. Komponentlərin bir tərəfindən sürətin sıfıra bərabər olması təhlükəlidir. Yəni komponentin bir hissəsi hərəkət edir, digər hissəsi isə dayanır. Bu proses nəticəsində komponentlərdə qırılma yarana bilər, bu qırılma isə zəlzələ ilə nəticələnəcək", - Geologiya İnstitutunun şöbə müdiri vurğulayıb.

Qədirov onu da qeyd edib ki, qabaqlayıcı tədbirlər görməyin mümkün olması üçün bu prosesi dəqiq bilmək lazımdır.

Xəbər lenti

Xəbər lenti