...

Mehriban Əliyeva: Məhdud fiziki imkanlı insanların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir

Cəmiyyət Materials 20 Sentyabr 2011 11:54 (UTC +04:00)
Məhdud fiziki imkanlı insanların problemlərinə tək tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyil. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir.
Mehriban Əliyeva: Məhdud fiziki imkanlı insanların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Məhdud fiziki imkanlı insanların problemlərinə tək tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyil. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı əlillərin problemlərinə həsr olunmuş "Təcriddən inteqrasiyaya doğru" I Bakı Beynəlxalq Konfransının iştirakçılarına təbrik məktubunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib. Tədbirdə təbrik məktubunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxuyub.

"Sizi - Bakıda keçirilən "Təcriddən inteqrasiyaya doğru" beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayıram. Bugünkü konfransda çox mürəkkəb, eyni zamanda bütün dünya ölkələrinin sosial siyasətinin prioritet istiqamətini təşkil edən məsələ müzakirə olunur. Fiziki qüsurlu şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox səbəbləri var. İnsanlarla təmasın məhdudluğu, yaradıcılıq və idmandan, öz bacarıqlarını reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olmaq bu insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdir. Çünki bu insanların sağlamlığı, fiziki inkişafı onların şəxsiyyət kimi formalaşması və gələcək ictimai mövqeyini şərtləndirir", - Mehriban Əliyeva təbrik məktubunda qeyd edib.

Azərbaycanın birinci xanımı məktubunda bildirib ki, məqsədimiz əqli və fiziki inkişafdan asılı olmayaraq, hər bir insana öz istedadını inkişaf etdirə bilməsi, potensialını tam şəkildə reallaşdırması, keyfiyyətli təhsil və tibbi xidmət almaq üçün imkan yaratmaqdan ibarətdir.

"Biz onların cəmiyyətə inteqrasiyasına, özlərini cəmiyyətin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq. Bu proseslərin uğurla həyata keçməsi dövlət orqanları ilə yanaşı, beynəlxalq təşkilatların dəstəyindən, qeyri-hökumət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətindən, onların birgə və səmərəli səylərindən asılıdır. Bu baxımdan, fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsində problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir və təcrübələrin mübadiləsinə imkan yaradan bugünkü konfransın keçirilməsini təqdirəlayiq hesab edirəm. İnanıram ki, konfrans xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllində mühüm rol oynayacaq", - Mehriban Əliyeva təbrik məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti