...

Azərbaycanın baş onkoloqundan xəbərdarlıq: Xəstələrinizi xaricə göndərməyin

Cəmiyyət Materials 27 Mart 2012 12:43 (UTC +04:00)
Azərbaycanın baş onkoloqu həkimlərə xəstələri müalicə üçün xarici ölkələrə göndərməkdən çəkinməyi tövsiyə edib.
Azərbaycanın baş onkoloqundan xəbərdarlıq: Xəstələrinizi xaricə göndərməyin

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın baş onkoloqu həkimlərə xəstələri müalicə üçün xarici ölkələrə göndərməkdən çəkinməyi tövsiyə edib.

Baş onkoloq Azad Kərimli çərşənbə axşamı Trend-ə verdiyi müsahibəsində bildirib ki, bu gün Azərbaycanda müxtəlif klinikaların həkimləri onkoloji xəstələri müayinə və müalicə üçün xaricə ölkələrə göndərirlər. Amma həmin xəstələr sonda yenə də Milli Onkologiya Mərkəzinə üz tutmalı olurlar. Çünki həmin xəstələr daim Azərbaycanda yaşayırlar və onların mütəmadi olaraq, həkim nəzarəti altında olması lazımdır.

Kərimli bildirib ki, Azərbaycanda onkoloji xəstələr üçün tətbiq edilən müalicə üsulu Avropadakı müalicə üsulundan fərqlənmir. Milli Onkologiya Mərkəzi də ən son müasir diaqnostik, istənilən lokalizasiyalar üzrə şüa verməyə imkan yaradan şüa aparatları, toxuma daxili və orqan daxilinə şüa verilməsi üçün ABŞ istehsalı olan qamma-med aparatları ilə təchiz olunub, Tibbi Fizika Laboratoriyası yaradılıb. Bundan əlavə, Azərbaycanın onkoloqları ABŞ, Kanada, İtaliya, Avstriyada təkmilləşmə kursu keçiblər.

Baş onkoloqun sözlərinə görə, İranın özündə belə şərait olmadığı üçün həmin ölkədən xəstələr şüa almaq üçün Azərbaycana göndərilirlər. Amma Azərbaycanın öz xəstələri burada belə imkanların olduğunu bilmədiyindən müalicə üçün xarici ölkələrə gedirlər:

"Şişin lokalizasiyasından, histoloji strukturundan və müalicə taktikasından asılı olaraq, onkoloji xəstələr üçün şüa müalicəsinin aparılması vacibdir. Bu gün Azərbaycan vətəndaşının şüa müalicəsi almaqdan ötrü qonşu ölkələrə müraciət etməsi ağlasığmaz işdir. Mən həkimlərə məsləhət görürəm ki, xəstələri xaricə göndərməsinlər".

Kərimlinin sözlərinə görə, əhali arasında belə çaşqınlıq var ki, bu xəstəliyin müalicəsi hansısa ölkədə mümkündür. Amma bu, hələ mümkün deyil. Onkoloji xəstəliklərin müalicəsi bütün dünyada eyni qaydada aparılır. Sadəcə onkoloji prinsiplərə riayət etmək və onkoloji ehtiyatlılığı heç vaxt nəzərdən qaçırmamaq tələb olunur. Onkoloji xəstələrin daim həkim nəzarəti altında olmasını vacib sayan Kərimlinin sözlərinə görə, insanlar bədəninin hər hansı hissəsində yaranmış törəməyə diqqətlə yanaşmalıdırlar. İnsanların bədənlərindəki törəmə çıxarıldıqdan sonra o, mütləq histoloji müayinədən keçməlidir.

Azərbaycanda uşaq onkologiyasının da artıq inkişaf etdiyi deyən Kərimli bildirib ki, uzun müddət Azərbaycanda uşaq onkologiyasının olmaması belə xəstələrin müalicə üçün ya xarici ölkələrə üz tutmaları, ya da müalicədən kənarda qalmaları ilə nəticələnirdi. İndi isə belə xəstələrin xaricə müalicə üçün getmələrinə heç bir əsas yoxdur. Artıq martın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Milli Onkologiya Mərkəzinin tam təchiz edilmiş uşaq onkologiyası korpusunun açılışı olub.

Bu yaxınlarda mərkəzdə radioyodla müalicə şöbəsinin də fəaliyyətə başlaması qalxanvari vəzi xəstəliklərinin, o cümlədən qalxanvari vəzinin xərçəngindən əziyyət çəkən xəstələrin yüksək səviyyədə müalicə olunmasına şərait yaradır.

Azərbaycanda onkoloji xəstələrin sayına gəldikdə, Kərimli deyib ki, onların sayı 28 685 nəfərə çatıb. 2010-cu ildə bu göstərici 28 052 nəfər olub.

Azərbaycandakı onkoloji xəstələrin sayını elə də yüksək saymayan baş onkoloqun sözlərinə görə, hazırda ölkədəki onkoloji xəstələrin 11 161 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır. Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərçəngidir. Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir.

Ötən il ölkədə ilkin onkoloji diaqnoz qoyulan xəstələrin də sayı artıb. Onkoloji xəstələrin sayındakı artım xəstəliyin vaxtında aşkar olunması vəziyyətinin yaxşılaşması ilə əlaqədardır.

2010-cu ildə 7626 nəfərə həyatında ilkin onkoloji diaqnoz qoyulubsa, 2011-ci ildə 8672 xəstəyə ilk dəfə olaraq, onkoloji diaqnoz qoyulub.

2011-ci ildə ilkin onkoloji diaqnoz qoyulan xəstələr arasında traxiya-bronx-ağçiyər xərçənginə mübtəla olanların sayı üstün olub - 1048 nəfər. 2010-cu ildə isə bu rəqəm 981 idi.

Baş onkoloq bildirib ki, bəzi xərçəng xəstəlikləri yalnız qadına və kişiyə aid olur. Azərbaycanda ən çox təsadüf edilən onkoloji xəstəliklərdən olan süd vəzisi xərçəngi daha çox qadınlarda müşahidə edilsə də, bu xəstəliyə nadir hallarda kişilərdə də təsadüf olunur.

Ümumilikdə 2010-cu ildə 1221 xəstəyə süd vəzisi xərçəngi diaqnozu qoyulduğu halda, 2011-ci ildə bu diaqnoz 1466 nəfərə təyin edilib. Ötən il 877 nəfərdə (2010-cu ildə 694 nəfərdə) bu xəstəlik I və II mərhələlərdə aşkarlanıb: "Bu, çox gözəl göstəricidir. Həmin xəstələr mütəmadi olaraq, həkim nəzarətində olsalar, uzunömürlü olurlar".

Xəbər lenti

Xəbər lenti