Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü qeyd olunub.
Trend-in məlumatına görə, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə KİV-lərin sayında ciddi artım baş verib, ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
O deyib ki, artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Nazir müavini gənclərin dövlətin aparıcı təbəqəsindən birinə çevrildiyini vurğulayıb.
Digər nazir müavini İntiqam Babayev isə öz çıxışında qeyd edib ki, ölkədə dövlət gənclər siyasəti və idman sahəsində bir çox işlər görülür. O bildirib ki, gənclər sahəsində hədsiz sayda işlər görülür, jurnalistlərin sayəsində onların yetərincə cəmiyyətə çatdırılmasına nail olunur. O, Gənclər və İdman Nazirliyinin hər zaman mətbuatla əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Daha sonra isə hər iki nazir müavini nazirliklə əməkdaşlıq edən bir sıra mətbuat nümayəndələrini mükafatlandırıb.