...

ATƏT Azərbaycanda "İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabat"ını açıqlayıb

Cəmiyyət Materials 26 Sentyabr 2013 16:25 (UTC +04:00)
ATƏT-in Bakı ofisi Azərbaycanda 2012-ci il üçün "İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabat"ını açıqlayıb.
ATƏT Azərbaycanda "İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabat"ını açıqlayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

ATƏT-in Bakı ofisi Azərbaycanda 2012-ci il üçün "İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabat"ını açıqlayıb. Sənəddə bəzi çatışmazlıqlarla yanaşı, müsbət məqamların da olduğu qeyd edilib. Bundan əlavə, məhkəmələrə və inzibati orqanlara tövsiyələr ünvanlanıb.

Trend xəbər verir ki, ATƏT-in Bakı ofisinin Azərbaycanda 2012-ci il üçün hazırladığı "İnzibati məhkəmə icraatının monitorinqinə dair hesabat"ın nəticələr hissəsində göstərilir ki, yaradılmış Məhkəmə Monitorinqi qrupu müəyyən edib ki, məhkəmə iclaslarının aşkarlıq şəraitində keçirilməməsi, girişi məhdudlaşdırılan yerlərdə iclasların aparılması, məhkəmə zalının sahəsinin yetərincə geniş olmaması və (və ya) məhkəmə zalına giriş üçün əsassız məhdudiyyətlərin qoyulması İnsan hüquqları haqqında Avropa Konvensiyasında və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda nəzərdə tutulmuş aşkarlıq tələblərinin pozulması ilə nəticələnə bilər.

Bundan başqa, monitorinq qrupu baxılacaq işlərin istər məhkəmələrdəki adi lövhələrdə, istərsə də elektron lövhələrdə yerləşdirilmiş siyahılarında çatışmazlıqlar olduğunu müşahidə edib. Monitorinq qrupu Bakıdakı inzibati-iqtisadi məhkəmələrin məlumat lövhələrində məhkəmə sədrləri tərəfindən baxılacaq işlər barədə məlumatların elan olunmadığını müşahidə edib.

Müsbət məqam olaraq qeyd edilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi istisna olmaqla bütün inzibati-iqtisadi məhkəmələrdə iclasların elan olunduğu siyahılara işlər haqqında qısa məlumatlar da daxil edillib.

Məhkəmə Monitorinqi qrupu inzibati-iqtisadi məhkəmələrdə ictimaiyyətin iclas zallarına buraxılması şərtinə adətən riayət edildiyini müşahidə edib.

Hesabatda məhkəmələrdə tərəflərin bərabərliyi prinsipinə riayət edildiyi, hakimlərin proses iştirakçılarının prosessual hüquqlarını həyata keçirmələrinə tam və bərabər imkanlar yaratdıqları göstərilib.

ATƏT-in Məhkəmə Monitorinqi qrupu məhkəmələrə və inzibati orqanlara bır sıra tövsiyələr də ünvanlayıb. Ofis məhkəmə iclaslarının gününü və vaxtını qabaqcadan elan etmək yolu ilə açıq məhkəmə araşdırması hüququndan tam istifadəni təmin etməyən məhkəmələrə tövsiyə edir ki, müvafiq məhkəmələrin binalarında quraşdırılan adi və ya elektron lövhələrdə həmin elanları yerləşdirməklə bu hüququ təmin etsinlər.

Ofis hakimlərə həmçinin tövsiyə edir ki, məhkəmə prosesinin iştirakçılarından və (və ya) üçüncü şəxslərdən işə aid məlumatları və ya tələblərinə dair sübutları təqdim etmələrini tələb etməklə İPM-də nəzərdə tutulmuş inkvizisional səlahiyyətlərdən daha tez-tez istifadə etsinlər.

Bundan əlavə, çəkişmə prinsipinə daha çox riayət edilməsi üçün ofis hakimlərə tövsiyə edir ki, məhkəmə iclaslarında inzibati orqanların nümayəndələrinin iştirakını təmin etsinlər.

Səlahiyyətli inzibati orqanlarına xitabən isə ofis onları məhkəmə işlərinin effektiv həlli üçün əhəmiyyətli olan sənədləri və məlumatları vaxtında məhkəmələrə təqdim etməyə çağırıb.

Qedy edək ki, bu hesabat 1 yanvar 2011-ci ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələrin işini qiymətləndirmək üçün ofis tərəfindən hazırlanmış birinci hesabatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti