...

ARDDA-da 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Cəmiyyət Materials 17 Yanvar 2014 10:24 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilmişdir.
ARDDA-da 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilmişdir.

ARDDA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə Dövlət Dəniz Administrasiyanın rəis müavini Etiram Rəhimov açmışdır. 20 Yanvar faciəsində qəhrəmanlıqla şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Administrasiyanın rəis müavini Şahlar Məmmədov 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

Məruzəçi bildirmişdir ki, 20 Yanvar hadisəsı Qorbaçov başda olmaqla ovaxtkı Sovet rəhbərliyinin Azərbaycan xalqının haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirilən qanlı cinayət idi. Ən müasir silahlarla təchiz edilən, tərkibində erməni zabitlərinin də olduğu güclü ordu birləşmələri dinc, əliyalın xalqımıza amansız divan tutmuş, diqqət Azərbaycan xalqının milli azadlıq hərəkatının boğulmasına yönəldilmişdir.

Mərasimdə çıxış edən administrasiyanın mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev, Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Ramil Qasımov, Dəniz təhlükəsizliyi şöbəsinin aparıcı məsləhətçisi Rafiq Zeynalov, Gəmi standartlarına nəzarət və lisenziyalaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Rəhimli, Gəmi heyəti şöbəsinin baş məsləhətçisi Nuri Nuriyev və başqaları o ağır günlərdə öz xalqının taleyinə biganəlik, ögey münasibət göstərən respublikanın ovaxtkı rəhbərlərinin yersiz itaətkarlığını, qətiyyətsizlik və səriştəsizliyini kəskinliklə pisləmişlər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin özünün və ailə üzvlərinin hayatını təhlükədə qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, ovaxtkı SSRİ rəhbərliyinə, şəxsən Mixail Qorboçova kəskin etirazını bildirməsi, həmin hüznlü günlərdə öz xalqı ilə birgə olması xüsusi vurğulanıb. 20 Yanvarın təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olduğu bildirilib.

Çıxış edənlər, həmçinin 20 Yanvar faciəsi günlərində Azərbaycan dənizçilərinin göstərdikləri fədakarlıqlardan bəhs etmiş, hazırda 20 Yanvar şəhid ailələri və əlillərinə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək şəhidlərimizə allahdan rəhmət diləmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti