...

Azərbaycanda sümük iliyinin transplantasiyası niyə gecikir?

Cəmiyyət Materials 11 Aprel 2014 15:30 (UTC +04:00)
Azərbaycanda sümük iliyinin transplantasiyasının gecikdirilmə səbəbləri açıqlanıb.
Azərbaycanda sümük iliyinin transplantasiyası niyə gecikir?

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sümük iliyinin transplantasiyasının gecikdirilmə səbəbləri açıqlanıb.

Talassemiya Mərkəzinin direkoru Rauf Rzayev Trend-ə bildirib ki, Azərbaycanda sümük iliyinin transplantasiyasına hazırlıq səviyyəsini qiymətləndirmək üçün 20 ildən çoxdur bu işlə məşğul olan Minskdəki Sümük İliyi Transplantasiya Mərkəzinin mütəxəssisləri Bakıya dəvət olunublar. Ancaq bu mütəxəssislərin Bakıya gəlməsi ləngidiyindən əməliyyatın baş tutması da gecikir: "Mərkəzin Sümük iliyi transplantasiyası şöbəsi bu əməliyyata tam hazırdır və artıq cütlüklər də müəyyənləşib. Sadəcə olaraq, bu əməliyyat kifayət qədər yüksək texnoloji əməliyyat olduğuna görə hazırlıq səviyyəsinin xarici mütəxəssislər tərəfindən qiymətləndirilməsinə ehtiyac var".

R.Rzayev deyib ki, əgər xarici mütəxəssislər aprel ayında ekspertiza aparsalar, mayın əvvəlində Azərbaycanda bu əməliyyata başlanılacaq.

Mərkəzin direktoru əlavə edib ki, sümük iliyinin transplantasiyasının aparılması leykozlu və talassemiyalı xəstələr üçün aktualdır. Ancaq Azərbaycanda sümük iliyinin transplantasiyası ilk növbədə talassemiyalı xəstələr üzərində aparılacaq. Əməliyyat üçün müraciət edənlərin sayı çoxdur. Daha çox müraciətlər isə talassemiyalı uşaqlarla bağlıdır. Ancaq bütün müraciətlər əsasında əməliyyat aparmaq mümkün olmayacaq. Bu əməliyyat yalnız ciddi tibbi göstərişləri olanlar üçün keçirilə bilər: "Talassemiyalı şəxsin sağlam bacısının, yaxud qardaşının olması o demək deyil ki, ondan sümük iliyini götürüb köçürmək olar. Çünki hər bir orqanizm fərdidir. Genetik tipləşdirmə müayinəsinin nəticələrinə görə uyğunluq olarsa, bu əməliyyat ola bilər. Hətta bəzən doğma bacı-qardaşın da genetik tipləşdirməsində uyğunluq olmur".

R.Rzayev qeyd edib ki, sümük iliyinin transplantasiyası üçün qohum donorlar ata, ana, bacı, qardaş ola bilər. Amma ən çox uyğun gəlmə ehtimalı doğma bacı-qardaşda olur. Qohum donorlarından istifadə mümkün olmadıqda isə qohum olmayan və uyğunluq olan şəxslərdən donor kimi istifadə etmək olar: "Bu isə Dünya Donor Bankına inteqrasiya olunandan sonra mümkün olur. Ona görə də Mərkəzdə ilkin olaraq qohum donordan sümük iliyi transplantasiyasının aparılması nəzərdə tutulur. Müəyyən mərhələdən sonra qohum olmayan donorlar hesabına sümük iliyinin transplantasiyasının aparılması məsələsini həll etmək fikrindəyik".

Qeyd edək ki, Azərbaycanda sümük iliyinin transplantasiyasının aparılacağı tarixlər dəfələrlə açıqlansa da, həmin vaxtlarda bu əməliyyat həyata keçirilməyib. Sonuncu dəfə bu əməliyyatın 2013-cü ilin sonu-2014-cü ilin əvvəllərində aparılacağı bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti