Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Fransa paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində artıq 3 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
Həftəsonu məktəbinin təşkilatçısı, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq, şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, həmçinin həftəsonu məktəbinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib. Gələcək planları haqqında söz açan Paris Azərbaycan Evinin rəhbəri deyib ki, Fransada doğulub böyüyən uşaqlara ana dilinin, milli mədəniyyətimizin, tariximizin öyrədilməsi, adət-ənənələrimizin onlara aşılanması təşkilatın qarşısında duran mühüm vəzifələrdən biridir. O, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqlar üçün həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən E.Əmirbəyov da layihənin əhəmiyyətini xüsusi qeyd edərək, bu fəaliyyətinə görə Paris Azərbaycan Evinin rəhbərinə və üzvlərinə təşəkkürünü bildirib. O, uşaqlara yeni dərs ilində uğurlar arzulayaraq onlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.
Qeyd edək ki, Paris Azərbaycan Evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alırlar. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər Mehri Quliyeva və Lalə Orucova uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edirlər.