...

Mixaylo Sloveniyada anıldı (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2014 15:53 (UTC +04:00)
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman faşizminə qarşı döyüşən azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinin, həmçinin Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo) ölümünün 70-ci ildönümü ilə bağlı Sloveniyanın Novo Qoritsa şəhərində tədbir keçirib.
Mixaylo Sloveniyada anıldı (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi İkinci Dünya müharibəsi zamanı keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda alman faşizminə qarşı döyüşən azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinin, həmçinin Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo) ölümünün 70-ci ildönümü ilə bağlı Sloveniyanın Novo Qoritsa şəhərində tədbir keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimi zamanı Sloveniya Müdafiə Nazirliyinin fəxri qarovulu və hərbi orkestri iştirak edib. Azərbaycan döyüşçülərinin dəfn olunduğu memorial abidə kompleksinin qarşısına Azərbaycan hökuməti, ARDNŞ-nin Vyanadakı nümayəndəliyi və Sloveniya hökuməti adından əklillər qoyulub.

Tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilovun başçılığı ilə nümayəndə heyəti, ARDNŞ-nin Vyanadakı nümayəndəliyinin rəhbərliyi, Sloveniya Müdafiə Nazirliyinin nümayəndələri, Novo Qoritsa şəhər meriyasının rəhbərliyi, Sloveniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və hərbi attaşeləri, Sloveniya parlamentinin üzvləri, siyasi-ictimai xadimlər, eləcə də yerli sakinlər iştirak ediblər.

Tədbirin birinci hissəsində keçmiş Yuqoslaviya torpaqlarının azadlığı uğrunda Sloveniyada qəhrəmancasına vuruşub həlak olan azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrini anma mərasimi keçirilib. Mərasim zamanı çıxış edənlər Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət qarşısında baş əyərək bu Sloveniya xalqının qəhrəmanlığı heç bir zaman unutmayacağını bildiriblər.

Daha sonra Q.İsrafilov öz çıxışında Azərbaycan döyüşçülərinin əziz xatirələrinə yüksək dəyər verdikləri üçün Sloveniya xalqına Azərbaycan hökuməti və xalqı adından dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün bütün səylər görülür, lakin bu əlaqələrin əsas zəminini Azərbaycan döyüşçülərinin qəhrəmanlıq tarixçəsi təşkil edir.

Daha sonra tədbir Trnovo Mədəniyyət Evində davam etdirilib. Tədbirdə Trnovo şəhərin meri xanım Kersin Podqornik, Sloveniya parlamentinin Novo Qoritsadan olan üzvü xanım Miriam Bonklanşçek, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev və Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin sədri İvan Başin çıxış ediblər. A.Xudiyev qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi öz-özlüyündə Sloveniyada ictimai-siyasi bir hadisədir və iki ölkə arasında humanitar əlaqələrin, eləcə də xalqlarımız arasında dostluq bağlarının daha da güclənməsinə xidmət edir. O, Sloveniya xalqına Azərbaycan qəhrəmanlarına bu cür hörmət bəslədiyi və uca xatirələrini əziz tutduğu üçün minnətdarlığını bildirib.

Daha sonra ali qonaqların şərəfinə ziyafət verilib və məşhur Azərbaycan bəstəkarları M.İsrafilzadə, H.Nemətov, E.Cavid və M.İsmayılovun əsərləri, həmçinin və Q.Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" əsərlərindən parçalar Sloveniya Filarmoniyasının nümayəndələri tərəfindən ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti