...

FASA proqramının misilsiz rolu – ailələri kütləvi idmana və sağlam həyat tərzinə cəlb etməkdir - proqramın koordinatoru (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2014 17:11 (UTC +04:00)
FASA-nın misilsiz rolu məhz ailələri idmana cəlb etməklə idmanın fenomenal gücünü onlara əyani olaraq göstərməkdir.
FASA proqramının misilsiz rolu – ailələri kütləvi idmana və sağlam həyat tərzinə cəlb etməkdir - proqramın koordinatoru (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Ötən il Milli Olimpiya Komitəsi (MOK) və "Coca-Cola" şirkətinin dəstəyi ilə başlayan, bu il isə Təhsil Nazirliyi tərəfindən dəstək alan "Fəal ailəm. Sağlam aləm" proqramı (FASA) getdikcə əhatə dairəsini genişləndirir. Son aylar ərzində Azərbaycanın 20-dən çox bölgəsində seçmə mərhələlər keçirilib, dekabrda isə möhtəşəm final təşkil olunacaq. Proqramın koordinatoru, MOK-un beynəlxalq proqramları və Olimpiya oyunları üzrə mütəxəssisi Mehman Kərimov müsahibədə FASA-nın hədəfləri, məqsədləri və bəzi nəticələri barədə danışıb.

- Zəhmət olmasa, FASA proqramı haqqında, onun uğurları və gələcək planları haqqında məlumat verərdiniz

- FASA proqramı MOK və Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin uzunmüddətli və uğurlu əməkdaşlığının nəticəsidir. Proqrama 2013-cü ildə start verilib, 2014-cü ildən etibarən isə Azərbaycan Təhsil Nazirliyi bu proqramın rəsmi tərəfdaşı olub. Proqramın əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir. Proqramın ilk fəaliyyət ilində "Olimpiya hərəkatı", "Olimpiya dəyərləri", "Ailəvi idman", "Sağlam həyat tərzi" və bu kimi mövzularda 60-dan artıq ümumtəhsil orta məktəblərində təqdimatlar keçirilib.
Proqramin ilk ən böyük nailiyyəti 2013-cü ilin sonunda "ABU Arena"da təşkil edilmiş Bakı Açıq Ailəvi İdman Turniri olub. Belə ki, bu turnirdə 5 rayon və şəhərdən olan 20-dən çox ailə müxtəlif idman növləri əsasında tərtib olunmuş yarışlarda öz güclərini sınayıb. Turniri 1 000 nəfərə yaxın azarkeşlə yanaşı, Azərbaycanın tanınmış incəsənət xadimləri də dəstəkləyib. Yarış Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə xüsusi buraxılışla İctimai Televiziya vasitəsilə translyasiya olunub.

Proqramin ən böyük uğuru isə 2014-cü ildə Azərbaycanda ilk dəfə təşkil olunmuş Gənclərin II Yay Olimpiya Oyunlarının Avropa Təsnifat Yarışlarında Bakı məktəblərindən olan 150 ailənin iştirakı olub. Yarışlararası fasilədə FASA üçün ayrılmış vaxtda ailələr (ata, ana və 13-15 yaşlı uşaq) estafet qaçışında iştirak edərək, Bakı şəhərinin ən dinamik məktəbini müəyyən edə bilib. Ailələri bu şəraitdə yarışdırmaq valideynləri övladları ilə birgə peşəkar idman yarışlarına qatılmağa cəlb etməyə və onlarda azarkeşlik hissini artırmağa hesablanıb.

Gələn ilin planına əsasən, FASA-nın əsas məqsədi sıx əməkdaşlıq və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına dəstəyin göstərilməsidir. Bununla əlaqədar olaraq, hazırda "Coca-Cola" şirkəti və əlaqədar qurumlar arasında danışıqlar aparılır.

- Yəni FASA proqramını Bakıdakı Avropa Oyunlarına cəlb etməyi planlaşdırırsınızmı?

- Proqramı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına cəlb etmək bütün tərəflərin maraqlarına cavab verir. Lakin sözügedən yarışların ilk dəfə təşkil olunması və bizim vaxt baxımından məhdudiyyətimizə görə, yaranan texniki çətinliklər və digər məsələləri yalnız Avropa Oyunlarının əməliyyat şirkəti ilə deyil, həmçinin bir çox beynəlxalq idman qurumları və Avropa Olimpiya Komitəsi ilə müzakirə etmək lazımdır. Buna baxmayaraq, Avropa Oyunlarının əməliyyat şirkəti FASA proqramını inkişaf etdirmək məqsədilə proqram çərçivəsində təşkil olunan tədbirlərdən istifadə etmək arzusunu bildirib. Biz bu fürsəti əldən vermək istəməzdik və buna görə, Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan Avropa Oyunlarında FASA tədbirlərini təbliğ etməyə çalışacağıq.

- MOK və "Coca-Cola" şirkətinin əməkdaşlığı çərçivəsində cəmiyyət üçün bu qədər vacib proqramın yaradılması qərarına nə cür gəldiniz?

- MOK və "Coca-Cola" şirkəti 1996-cı ildən etibarən əməkdaşlıq edir. Həmin dövrdə Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan şirkət hər il ənənəvi olaraq keçirilən Olimpiya Qaçış Gününə sponsorluq edirdi. Lakin 2010-cu ildən MOK Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarına hazırlıq proqramı çərçivəsində sosial idman və Olimpiya təhsili layihələrində bir sıra yeniliklər etdi. Yeniliklərdən ən vacibi Olimpiya hərəkatının genişləndirilməsi və Olimpiya dəyərlərinin təbliğində, o cümlədən bədən tərbiyəsi və idmanın kütləviləşməsində yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı artırmaq və bununla da müvafiq sahədə daha uzunmüddətli və təsirli layihələr həyata keçirmək olmuşdur. Həmin dövrdən etibarən kütləvi bədən tərbiyəsi və idman sahəsində uşaqlar, qızlar, qadınlar arasında bir neçə maraqlı layihə həyata keçirilib. Lakin hər layihənin sonunda həyata keçirilmiş qiymətləndirmədən sonra məlum olmuşdur ki, uşaqların idmanda daha sabit qalmaları və inkişaf etmələri üçün ailəvi idman mühitinin formalaşmasına ehtiyac var. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsinin araşdırılması və bu faktın təsdiqi ilə FASA ideyası meydana gəldi.

- Azərbaycanda ailələri kütləvi idmana cəlb etmək nə dərəcədə çətindir?

- Təbii ki, valideynləri ailəvi idmana cəlb etmək biz gözlədiyimizdən çətindir. Bunun əsas səbəbləri isə əsasən valideynlərin özlərinin idmanla məşğul olmaması, bir çox ümumtəhsil orta məktəblərində (xüsusilə rayonlarda) idmanın çox zəif olması və uşaqların hətta fiziki tərbiyə dərslərində mütəmadi iştirak etməməsi, orta məktəblərdə yüksək ixtisaslı və bacarıqlı fiziki tərbiyə müəllimlərin çox az olması, valideynlər tərəfindən uşaqlarının ali təhsil qazanması üçün bütün əlavə fənlərdən, o cümlədən fiziki tərbiyə dərslərindən yayındıraraq yalnız ixtisas fənlərinə cəlb edilməsi, məktəblərdə fiziki tərbiyə və idmanla mütəmadi məşğul olmaq üçün fiziki şəraitin çox zəif olmasıdır.
Bütün bunlara baxmayaraq, valideynlərlə aparılan söhbətlər və təbliğat işləri göstərir ki, onların əksəriyyəti idmanın faydasını başa düşür və ən azı övladının idmana qatılmağını dəstəkləyir. Valideynlərə qaldıqda, onlar ayrılıqda bu məsələyə daha konservativ yanaşırlar. Maraqlıdır ki, ailəvi idmanı qadınlar kişilərlə müqayisədə daha çox dəstəkləyir. Məhz bu səbəbdən qadınlar istəsə də bir çox hallarda bu prosesə tək iştirak edə bilmirlər.

- Bu günə kimi layihədə neçə ailə iştirak edib?

- İndiyədək proqramın müxtəlif fəaliyyətlərində 5 500-dən çox ailə iştirak edib. Bunlardan yalnız 300-ə yaxını idman yarışlarında birbaşa iştirakçı kimi çıxış edib. Digərləri isə proqram çərçivəsində təşkil edilmiş məlumatlandırıcı təqdimatlarda dinləyici kimi, yaxud keçirilmiş yarışlara azarkeş qismində qatılıb.
Azərbaycan ailələrinin kütləvi idmanda iştirakı əyani olaraq ölkədə təşkil olunan yarışlarda iştirakı ilə müqayisə etmək olar. Belə ki, futbol üzrə yeganə milli yığmanın və klublar arası UEFA təsnifat yarışlarını nəzərə almasaq, heç bir idman növündə kütləvi və ailələrdən ibarət azarkeş görmək mümkün deyil. Məhz bu səbəbdəndir ki, FASA proqramı vasitəsilə biz həm də ailələri peşəkar və kütləvi idman yarışlarına cəlb edərək, onları qarşıdan gələn 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunları və 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında daha fəal olmağa həvəsləndiririk.

- Proqramın ölkə üzrə əhatə dairəsinin genişlənməsi gözlənilirmi?

- Bu günə kimi proqram ölkənin 20-dən artıq rayon və şəhərini əhatə edib. Sadəcə ailələrin kütləvi idmana cəlb olunması ilə əlaqədar yuxarıda qeyd olunan səbəblərdən proqram indiki mərhələdə Azərbaycanın bütün rayonlarını əhatə edə bilmir. Lakin ilbəil biz regionların sayını artırırıq.

- Ölkədə kütləvi idmanın inkişafında hansı maneələr görürsünüz və FASA bu inkişafa necə yardım edir?

- Məlum olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. Ümumiyyətlə, bədən tərbiyəsi və idman ölkə vətəndaşlarının sağlam və güclü olması, dövlətin müdafiəsi və iqtisadiyyatının yüksəlməsində xüsusi rola malikdir. Böyük sevinclə demək olar ki, bədən tərbiyəsi və idman dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Məhz bu səbəbdən son 10 ildə ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar məqsədyönlü və genişmiqyaslı işlər aparılır. Rayonlarda tikilən Olimpiya İdman Kompleksləri, quraşdırılan meydançalar və idman qurğuları buna bariz nümunədir. İdmanın inkişafının ən bariz göstəricisi isə milli Olimpiya yığmamızın həm böyüklərin həm də yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışlarıdır. Məsələn Yeniyetmələrin sonuncu Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar qazandıqları 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) Azərbaycanı 201 ölkə arasında 10-cu etmişlər. Bütün bu nailiyyətlərlə yanaşı kütləvi bədən tərbiyəsi və idman sahəsində böyük çatışmamazlıqlar da mövcuddur - rayon, qəsəbə və kənd yaşayış məntəqələrində idman obyektlərinin, xüsusilə sadə idman qurğularının, zalların və oyun meydançalarının az sayda olması, idman təşkilatlarının maddi-texniki bazasının zəif olması, ali təhsil ocaqlarına mənsub çox az sayda fəal idman klubları mövcudluğu, kütləvi idmanı təbliğ edən verilişlərin və televiziya proqramlarının az olması.
Kütləvi idman həm də insanların sosial rifahı ilə çox bağlıdır. Odur ki, vətəndaşlarımızın sosial-iqtisadi rifahı yüksəldikcə və aktiv həyat tərzinin faydası haqda bilgiləri genişləndikcə, bu məsələlər öz həllini tapacaq.

FASA-nın misilsiz rolu məhz ailələri idmana cəlb etməklə idmanın fenomenal gücünü onlara əyani olaraq göstərməkdir. Uşaq ailəvi idman mühitində böyüyəndə idmanla daha uzunmüddətli məşğul olur. Belə bir mühit valideynlər və uşaqlar arasında daha xoş və səmimi münasibətin formlaşmasına təkan verir. Uşaqlar idmanla məşğul olaraq təkcə fiziki cəhətdən deyil, həm də əqli və intellektual sağlamlıqlarını təmin edir, eyni zamanda sosial bacarıqlar (ünsiyyət, komandada işləmək, liderlik, ədalətli oyunlar, konfliktlərin həlli və sair) baxımından daha inkişaf etmiş olurlar.

- Avropa Olimpiya komitələri FASA proqramına necə yanaşır?

- Ümumiyyətlə, həm Beynəlxalq həm də Avropa Olimpiya komitələri bu kimi layihələri və təşəbbüsləri həmişə dəstəkləyir və təqdir edir. MOK-un illik hesbatlarında artıq hər iki quruma FASA haqda məlumat verilib. Lakin FASA haqda ən yüksək qiymət Avropa Atletika Assosiasiyasına məxsusdur. Belə ki, FASA mayın 30-dan iyunun 1-dək Bakıda təşkil edilmiş atletika üzrə Avropa Təsnifat Yarışlarını idman proqramına daxil edilib. Yarışın 2-ci günündə fasilə zamanı Bakı şəhərinin 50-dən artıq məktəbini təmsil edən 150-ə yaxın ailə estafet qaçışında güclərini sınayıb. Bu yarışı şəxsən Avropa Atletika Assosiasiyasının prezidenti Hansiyorq Virs izləyərək peşəkar idmanın ruhlandırıcı gücündən istifadə etməklə kütləvi idmanın təşviqində nümunəvi hal kimi qiymətləndirib. O, belə bir ənənin gələcək yarışlarda da davam etdirilməsini tövsiyə edib.
Peşəkar və həvəskar idmanın sintezindən ibarət olan bu kimi tədbirlər valideynlər və uşaqlara çempionluq həyəcanı canlı olaraq yaşadır. Ailələr nəinki peşəkar idman yarışının azarkeşi, həm də onun iştirakçısı olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti