...

Arif Əsgərov: Azərbaycanda istehsal olunan vaqonlar xarici ölkələrə ixrac ediləcək (MÜSAHİBƏ)

Cəmiyyət Materials 24 Dekabr 2014 10:41 (UTC +04:00)
Hazırda əsas dəmir yolunun ümumi uzunluğu 2898,9 kilometr təşkil edir. İstismarda olan yolun uzunluğu 2068,1 kilometrdir ki, bunun da 802,3 kilometri ikixətlidir.
Arif Əsgərov: Azərbaycanda istehsal olunan vaqonlar xarici ölkələrə ixrac ediləcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycanda dəmir yolunun yaradılmasının öz tarixi var. İlk dəmir yolu relsinin təməli 1878-ci ildə qoyulub, tikintisi isə 1880-ci ilin yanvarında başa çatıb. Bu, 20 kilometr uzunluğunda Bakı-Suraxanı-Sabunçu dəmir yolu idi. Lakin dəmir yolu inkişaf etdi və genişləndi". Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov 2014-cü ilin yekunları ilə bağlı müsahibəsində deyib.

Hazırda əsas dəmir yolunun ümumi uzunluğu 2898,9 kilometr təşkil edir. İstismarda olan yolun uzunluğu 2068,1 kilometrdir ki, bunun da 802,3 kilometri ikixətlidir. İstismar olunan yolun ümumi uzunluğundan 1240,2 kilometri, yaxud 60 faizi elektrikləşdirilib, yerdə qalan 827,9 kilometr (40 faiz) isə teplovoz dartı qüvvəsi ilə çalışır.

Əməliyyat göstəriciləri

2014-cü ilə hələ yekun vurulmadığını qeyd edən A.Əsgərov QSC-nin yanvar-noyabr aylarında istehsal fəaliyyətinin göstəricilərini açıqlayıb. Belə ki, 2014-cü ilin 11 ayı ərzində QSC tərəfindən 19,9 milyon ton yük daşınıb. Daxili yükdaşımaların payına 5,9 milyon ton, ixrac daşımalarının payına isə 3,8 milyon ton yük düşüb. Bu dövrdə 6,2 milyon ton yük idxal olunub, tranzit yüklərin payına isə 4 milyon ton düşüb.

On bir ay ərzində dəmir yolu stansiyaları ilə 11,5 milyon ton yük daşınıb ki, bunun da 6,1 milyon tonu neft və neft məhsullarının (o cümlədən, 1,8 milyon ton tranzit neft) payına düşüb. Bu dövrdə dəmir yolu stansiyalarından 2,2 milyon sərnişin yola salınıb.

Hər şeydən əvvəl təhlükəsizlik və rahatlıq gəlir

A.Əsgərov qeyd edib ki, QSC sərnişin vaqonları parkının yenilənməsi və modernləşdirilməsinə böyük diqqət ayırır. Bu işlər sərnişindaşımaların keyfiyyətinin artırılması, təhlükəsizlik və sərnişinlər üçün daha rahat şəraitin təmin edilməsi məqsədilə aparılır. Bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC Ukraynada və Rusiyada əsaslı təmir olunan 85-ə yaxın sərnişin vaqonu alıb.

Onun sözlərinə görə, vaqonların növbəti partiyası əsaslı təmir üçün Dnepropetrovsk vaqon təmiri zavodundadır: "Həmin vaqonlar ölkəyə qaytarıldıqdan sonra istismara veriləcək və sərnişinlərimizə xidmət edəcəklər. Həmin vaqonların artıq 2015-ci ilin yayına kimi alınması planlaşdırılır".

QSC sədri bildirib ki, Azərbaycanda vaqonların əsaslı təmiri üçün zəruri infrastruktur olmadığından "Azərbaycan Dəmir Yolları" onları xaricə, o cümlədən Ukrayna və Rusiyaya göndərir.

Həmçinin, QSC "Stadler" şirkəti ilə əməkdaşlıq edir. Вu ilin iyununda tərəflər arasında 30 yeni sərnişin dəmir yolu vaqonunun alqı-satqısı haqqında müqavilə imzalanıb. Vaqonlar respublikaya Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirəcək Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin istismara verilməsinə qədər gətiriləcək. Yeni vaqonlar Avropa dəmir yollarında hərəkət etmək üçün avtomatik olaraq cüt təkərlərə keçə biləcək.

Vaqonqayırma istehsalının inkişafı

Ölkədə ixtisaslaşmış müəssisənin yoxluğu məsələsinin həlli yolunda bu il əhəmiyyətli addım atılıb. Azərbaycanda yeni "Stadler" vaqonqayırma zavodununun təməli qoyulub. Yeni müəssisənin təməlqoyma mərasimi 2014-cü ilin oktyabrında keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

A.Əsgərov bildirib ki, ölkədə daxili tələbatın təmin edilməsi ilə yanaşı, vaqonqayırma zavodunun inşasında əsas məqsədlərdən biri Mərkəzi Asiya ölkələrinə, İrana və digər ölkələrə sərnişin vaqonlarının ixrac edilməsidir. Yeni müəssisənin tikintisi bir neçə il vaxt aparacaq.

Onun sözlərinə görə, yeni müəssisənin yaradılması layihəsi çox vacibdir, çünki vaqonların istehsalı ilə yanaşı, onların ölkədə əsaslı təmirini təmin edəcək və bu mühüm tapşırığı yerinə yetirəcək.

Beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya

Ölkəmiz beynəlxalq və regional layihələrin reallaşdırılması prosesində, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Şimal-Cənub" layihəsi çərçivəsində dəmir yolu sistemlərinin birləşdirilməsi kimi nəqliyyat layihələrində fəal iştirak edir.

A.Əsgərov deyib ki, Azərbaycan üçün vacib beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşdırılması məsələsi Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu və hökumət rəhbərlərinin diqqət mərkəzindədir. Layihə bu ölkələr və mövcud nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etməkdə maraqlı olan ölkələr üçün nəqliyyat sahəsində sıx əlaqələrin qurulması baxımından geniş imkanlar açır.

QSC sədri qeyd edib ki, bu layihə çərçivəsində işlər davam edir və ona qarşı maraq artır. Bu layihənin istismara verilməsi Avropa və Asiya arasında yükdaşımaların artmasına töhfə verəcək. Bu ilin sonunadək Gürcüstan və Türkiyə sərhədinədək ilk işçi qatarın göndərilməsi planlaşdırılır. Layihə 2015-ci ilin sonunadək tam istismara veriləcək.

Onun sözlərinə görə, "Şimal-Cənub" layihəsinə gəlincə, qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi məsələsi bu ilin oktyabrında Bakıda keçirilmiş MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası çərçivəsində müzakirələrin mövzusu olub.

A.Əsgərov ümid etdiyini bildirib ki, həmin layihə çərçivəsində işlər sürətləndiriləcək və bu, ölkələrimiz arasında dəmir yolu nəqliyyat əlaqəsini genişləndirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti