...

Fransada Əhmədiyyə Cəbrayılovun abidəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 22 İyun 2016 17:44 (UTC +04:00)
Fransada bu ölkənin Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun xatirə abidəsinin açılışı olub
Fransada Əhmədiyyə Cəbrayılovun abidəsinin açılışı olub (FOTO)

Bakı. Trend:

Fransanın Montoban şəhərinin yaxınlığında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Kabertat Maquis Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş xatirə abidəsinin açılış mərasimi olub. Xatirə lövhəsinin qoyulması Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

TEAS-dan Trend-ə verilən məlumata görə, bu münasibətlə Montoban şəhərinin yaxınlığında yerləşən, azərbaycanlı partizanlar da daxil olmaqla Müqavimət Hərəkatının qəhrəmanlarının qalıqlarının saxlanıldığı Kabertat Mavzoleyinin qarşısında, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Ayaz Qocayevin, millət vəkili Valeri Rabaultinin, Müdafiə Nazirliyi yanında Veteranlar İdarəsinin yerli bölməsinin direktoru Pyer Amestoyun və Monklar, Vaissak, Neqrepelis, Montriko və Puygaillar şəhərlərinin merlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Tədbir 1944-cü il 20 iyun tarixində nasistlər tərəfindən Maquisdə qətlə yetirilmiş Fransa Müqavimət Hərəkatının üzvlərini anmaq üçün dini mərasimin icrası ilə başlayıb. Bundan sonra Vaissak şəhərinin meri Frensis Delmas və Kabertat Maquis Dostları Assosiasiyasının prezidenti Mişel Po çıxış ediblər. Daha sonra Azərbaycan və Fransanın milli himnləri səsləndirilib və Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri Marie-Laetitia Gourdin çıxışında bildirib ki, bu gün biz Maquis de Kabertatda Midi-Pyrenees, Vosges və Alzas regionlarında Üçüncü Qusar Polkunda döyüşən azərbaycanlıları və xüsusilə, Əhməd Mişel kimi tanınan və ya partisan yoldaşları tərəfindən “Xarko” kimi adlandırılan Əhmədiyyə Cəbrayılovun anım mərasiminə toplaşmışıq. İkinci Dünya müharibəsində Qızıl Ordu sıralarında nasistlərə qarşı amansızcasına mübarizə aparan Əhmədiyyə 1944-cü ilin yazında Fransa Müqavimət Hərəkatına qoşulmamışdan əvvəl Ukrayna və Fransada yerləşən düşərgələrdə əsir olmuşdur.

M.Gourdinin sözlərinə görə, Midi-Pyrenees regionunda bir neçə şəhərin azad edilməsində iştirak edəndən və 1944-cü ilin sentyabr ayında general De Qolla Tuluzada görüşəndən sonra Əhmədiyyə Alzasa gedib və orada Mulhaus və Belfort şəhərlərinin azad edilməsində iştirak etmişdi. TEAS əmin olmaq istəyirdi ki, Əhmədiyyənin adı unudulmayıb və buna görə də bizim təşkilat birgə mərasimin təşkili üçün Kabertat Maquis Dostları Assosiasiyası ilə yaxından əməkdaşlıq edib.

Mərasimdə çıxış edən Ayaz Qocayev məlumat verib ki, İkinci Dünya müharibəsinin özü Azərbaycan ərazisinə çatmamış, lakin azərbaycanlılar faşizm üzərində qələbəyə öz töhfələrini vermişdilər. 600 mindən artıq Azərbaycan sakini bu müharibədə iştirak etmiş və onların yarısı canlarından keçərək həlak olmuşdu. Azərbaycan müharibədə vacib rol oynayırdı və özünün neft resurslarını qələbənin əldə olunmasına yönəltmişdi. Hitlerin bu sərvətləri ələ keçirmək üçün Bakını zəbt etmək planı vardı. Azərbaycanlılar Avropadakı müqavimət hərəkatının bir çox üzvləri ilə çiyin-çiyin vuruşublar. Bunların arasında keçmiş Yuqoslaviya, İtaliya, Polşa və təbii ki, Fransa vardı. Onlardan ən tanınmışı Əhmədiyyə Cabrayılov Fransa Respublikasının ən yüksək rəsmi mükafatlarından olan “Fəxri Legion” və Fransanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Maquis de Kabertatda Fransa Müqavimət hərəkatının sağ qalan üzvlərindən biri Andre Terrassier: “Mən Əhməd Mişeli yaxşı tanıyırdım. O, çox cəsur insan idi və heç zaman üzündən təbəssüm əskik olmazdı”. Müqavimət hərəkatının Rene Çambard adlı başqa bir üzvünün oğlu da anım mərasimdə iştirak edirdi. O, 1977-ci ildə Əhmədiyyənin onun atasını son dəfə ziyarət etməsi haqqında öz xatirələrini bölüşdü. Cambard onların bir-birilərinə göndərdikləri məktublar haqqında söz açıb. Bu məktublarda onun atası Əhmədiyyəni öz “silah qardaşı” adlandırırdı.

Tədbirdə bildirildi ki, Azərbaycanın dilbər güşəsi olan Şəkidə dünyaya göz aşmış Əhmədiyyənin hekayəsi vətənpərvərlik, hünər, uğur və əzm haqqındadır. İki yüz qırx minlik sovet əsgərlərindən biri kimi, o, Don çayı üzərindən keçən İzyum körpüsü yaxınlığında nasıstlərə qarşı əməliyyatda əsir düşmüşdür, Əhmədiyyə bir çox düşərgələrdə əsirlik taleyi yaşamış və sonda Polşa sərhədinin yaxınlığında yerləşən Frankfurt-an-der-Oder şəhərində Sovet respublikalarından olan əsgərlər üçün düşərgəyə salınmışdır. Nasistlərin qələbəsindən sonra Azərbaycana müstəqillik vəd edilməsinə rəğmən, o, nasistlərə qoşulmaqdan imtina edərək, düşərgədən qaçmaq və yenidən Qızıl Orduya qoşulmaq qərarına gəlir. Məcburi əməyə və yəhudi kimi qəbul edilərək, o, hidrogen sianidlə sadist eksperimentlərə məruz qalmışdı. Daha sonra xadimənin köməyi sayəsində qaçmağa müvəffəq olan Əhmədiyyə Fransa Müqavimət hərəkatına qoşulmuşdu.

Çox vaxt o, nasist zabitlərinin baş çəkdiyi restoran və kafelərdə partlayışlar törədir, körpü və dəmir yol xəttlərini sıradan çıxarırdı. O, “Xarko” ləqəbi ilə tanınırdı. Gestapo onun başına görə 10 min Alman markası mükafat təyin etmişdir.

Fransa-Sovet Paktı bağlanandan sonra, o, məcburi olaraq Sovet İttifaqına repatriasiya edilmiş və “NKVD” tərəfindən işgəncələrə məruz qalmışdır. 1966-cı ildə ona bəraət verilmişdir. Bu, Fransa Respubliksının prezidenti general Şarl de Qolun Sovet İttifaqına ikinci səfəri zamanı baş vermişdir. O zaman, o, artıq Şəkiyə qayıtmışdı, General de Qolun onu görmək istəyi onun bir gecədə məşhur olması ilə nəticələnmişdi. Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti