Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası xüsusi hazırlıq kursları keçirəcək.
Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dəniz təhlükəsizliyini, insan həyatının mühafizəsini və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə Beynəlxalq Dəniz Təşkilatının “Səyyar dəniz qurğularında çalışan heyətinin təlimi üzrə tövsiyələr” adlı A.891(21) nömrəli Qətnaməsinin, Neft və Qaz Sənayesi Heyətinin Təlim Təşkilatının (OPITO) “Neft və qaz sənayesində fövqəladə halların qarşısının alınması üzrə mütəxəssislərin hazırlığı və səriştəliliyinin effektiv idarə edilməsinə dair” təlimatının tələblərinə uyğun olaraq, səyyar, stasionar dəniz qurğularının və karbohidrogen yataqlarının işlənməsinə cəlb edilən gəmilərin bütün heyət üzvlərinə aşağıda adları qeyd edilən xüsusi hazırlıq kurslarının keçirilməsi tövsiyə edilir. Lakin gələcəkdə bu kursların keçirilməsi zəruri hesab ediləcək.
1. Səyyar dəniz qurğularının bütün heyəti üçün:
- “Dəniz obyektlərində təhlükəsizliyin əsasları və fövqəladə hallarda davranış üzrə hazırlıq” (BOSIET) hazırlıq kursu;
- “H2C (kükürd qazı)” hazırlıq kursu.
2. Karbohidrogen yataqlarının işlənməsinə cəlb olunan gəmilərin bütün heyəti üçün “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” beynəlxalq konvensiyanın tələb etdiyi kurslardan əlavə olaraq:
- “H2C (kükürd qazı)” hazırlıq kursu;
- “Helikopterdə təhlükəsizlik və qəza vəziyyətində təxliyyə” hazırlıq kursu.
Qeyd edilən kursların Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən tanınmış “Occupational Training İnternational” Təlim Mərkəzində 30 yanvar 2017-ci il tarixindən keçirilməsi nəzərdə tutulur.