Bakı. Ənvər Məmmədov - Trend:
2017-ci il Azərbaycan idmanı üçün çox uğurlu il oldu.
Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mətbuat konfransında deyib.
O deyib: "Adətən biz ilin yekunları ilə bağlı tədbiri ilin sonunda keçirib nəticələri açıqlayırıq. Amma artıq dekabrın əvvəlində demək olar ki, 2017-ci ildə bir çox idman növlərində çoxlu sayda mühüm hadisələr baş verib".
Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi barədə danışan Ç.Hüseynzadə qeyd edib ki, UEG-ə rəhbərlik etmək asan məsələ deyil: “İdman dünyası əsasən Avropada cəmləşib və Avropa bir çox idman növünün mərkəzi hesab olunur. Əgər Olimpiya Oyunlarının statistikasına baxsaq görərik ki, medalların 50 faizə yaxını avropalı idmançılar tərəfindən qazanılır. Ona görə də Avropada idman federasiyasına rəhbərlik etmək qürurverici olsa da, asan iş deyil. Hesab edirəm ki, Fərid Qayıbov bu məsələnin öhdəsindən layiqincə gələcək”.